Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə mərhələsindəki rəqibləri Belçika, Avstriya, Estoniya ilə yanaşı İsveç millisidir. Uzun illərdir ki, İsveçdə yaşayan, "Örebro" klubunda çalışan Valeh Qafarov Sportal.az saytına müsahibəsində yığmamızın Skandinaviyadan olan rəqibi haqda danışıb. Azərbaycanda həm "Neftçi" klubunda, həm də U-15, U-17, U-19, U-21 yığmalarında oynamış Qafarov millinin qrupdakı şanslarını dəyərləndirib.
- Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlməklə, ardıcıl qələbə seriyasını 5-ə çatdırdı. Yığmanın bu çıxışı barədə nə demək istəyirsən?
- Milli komandamızı və xalqımızı qələbələr münasibətilə təbrik edirəm. Şimali Makedoniya ilə oyuna baxdım, görüşün ilk 15-20 dəqiqəsində oyunumuz alınmırdı. Rəqib bizdən üstün deyildi. Sadəcə futbolçularımızın oyunu istədikləri kimi getmirdi. Hətta qol da buraxdıq. Ancaq sonradan komandamız özünə gəldi və vurduğumuz ilk qol futbolçularımızda özünəinam yaratdı. Rəqibin ikinci hissədə meydanda azlıqda qalması da millimiz üçün üstünlük idi. Meydana sonradan daxil olan oyunçularımız da özlərini yaxşı tərəfdən göstərdi. Futbolçularımızın bir-birini sığortalamasını çox bəyəndim. Statistikaya baxsaq, biz Şimali Makedoniyanı bütün komponentlərdə üstələmişik. Bu isə o deməkdir ki, millimiz artıq ürəklə oynayır, xarakter göstərir. Milli komandamıza seçmə oyunlarda uğurlar arzu edirəm və ümid edirəm ki, tsikldə bütün rəqiblərə qarşı yaxşı mübarizə aparacağıq. Görünür ki, Azərbaycan millisində xarakter var. Qrupdan çıxmağımız real götürnməsə də, komanda sona qədər mübarizə apara bilər.
- AÇ-2024-ün seçmə mərhələsində millmizin rəqibləri arasında İsveç yığması ilə da var. Səncə, Azərbaycan yığması İsveçlə görüşlərdə uğurlu nəticəyə ümid edə bilər?
- Bu ilki püşklər elə gətirdi ki, Azərbaycanın üç komandası İsveçlə eyni qrupda mübarizə aparası oldu. Milli komandamız tsikldə İsveçlə eyni qrupdadır. Futzal üzrə Azərbaycan çempionu "Araz Naxçıvan" Çempionlar Liqasının seçmə mərhələsində "Örebrö" ilə qarşılaşdı. Voleybol üzrə Azərbaycan yığması da İsveçlə eyni qrupda oynayacaq. AÇ-2024-ün seçmə mərhələ oyunlarına gəldikdə, futbolçularımız öz üzərində daha da çox işləsə, artırsa, özlərinə inamı və qələbə ruhunu qoruyub-saxlaya bilsələr, qarşıdakı tsikldə hər şey daha yaxşı olacaq. Qrupdan çıxmağımız real görünməsə də, ən azından hər bir rəqiblə mübarizə apara bilərik.
- İsveçdə Azərbaycan millisi haqda nə danışırlar?
- İsveç millisinin baş məşqçisi Yanne Andersonun bütün müsahibələrini oxuyuram. O, bütün komandalara hörmətlə yanaşır. Həmçinin də Azərbaycan millisinə. Heç bir müsahibəsində rəqibə yuxarıdan-aşağı baxdığını hiss etməmişəm. Azərbaycan millisinə də hörmətlə yanaşır.
- Bu iki yığma arasında hansı fərqlər var? Millimiz İsveçdən nəyin hesabına xal ala bilər?
- İsveç millisi sürətli və gücə dayanıqlı futbola üstünlük verir. Futbol dili ilə desək, ikinci mərtəbədə çox güclüdürlər. Standart və künc zərbələri zamanı böyük üstünlükləri var. Nəinki milli komanda, hətta İsveçdəki divizion komandaları da eyni üslubda oynayır. İsveçlə görüşlərdə millimizin üzvlərinin fiziki durumundan çox şey asılı olacaq.
- Əvvəllər ara-bir İsveç klublarının azərbaycanlı futbolçularla maraqlanması haqda xəbərlər yayılırdı. Son vaxtlarda deyəsən, heç bir futbolçumuz İsveç klublarına maraqlı deyil. Səncə, niyə belədir?
- Təəssüf ki, İsveçdə Azərbaycan çempionatına baxmırlar. Ancaq İsveçdə "Qarabağ"ı çox yaxşı tanıyırlar. Çünki bu klub son illərdə Avropada göstərdiyi baxımlı futbol, uğurlu nəticələri ilə hamının diqqətini çəkib. Ən əsası isə burada yaşayan biz azərbaycanlıları çox sevindirirlər. Azərbaycan çempionatında oynayan bir neçə gənc futbolçu var ki, bu gün İsveçin yüksək liqasında çıxış edə bilər. Məsələn, Elvin Cəfərquliyev, Musa Qurbanlı, Ceyhun Nuriyevin adını çəkə bilərəm. Onların hər biri İsveçdə yaxşı klublarda oynamaq bacarığına malikdir.
Mirbağırağa