Mahmud Qurbanov: "Həyatın hər sürprizinə hazıram"

17:22 - 3 Dekabr 2022

"Səbail" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Uduzmaq heç kimə xoş deyil. Bura qələbə üçün gəlmişdik. Məğlub olanda oyunçulara daha çox irad bildirmək olur. Matça pis başlamadıq. Qolu da vurduq. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə uşaq səhvləri etdik. Premyer Liqada oynayan futbolçular belə səhv etməməlidir. Müdafiədən çıxanda etdiyimiz səhv qapımıza ikinci qolla nəticələndi. Hesabı bərabərləşdirmək alınmadı. Reallıq budur ki, məğlub olduq. Hələ ki, yerimizdə sayırıq. 


- Ardıcıl məğlubiyyətlər komandaya necə təsir edir?

- Futbolçularla söhbətlər zamanı çalışırıq ki, bu vəziyyətdən çıxaq. Məğlubiyyətlər davamlı olanda komandanın içində ab-hava yaxşı olmur. Bir tərəfdən də buna öyrəşməli kimi oluruq. Oyundan qabaq zədəlilərimiz var idi. Ehtiyat oyunçular skamyamız geniş deyil. Oyunu dəyişə biləcək futbolçularımız yoxdur. Qarşıda oyunlarımız var. Dəyişikliklər ola bilər. Vəziyyəti düzəltməyə çalışacağıq.


- Ruslan Hacıyevin durumu nə yerdədir?

- Oyundan əvvəl danışmışdıq, zədəsini sağaltmışdı. Ona görə meydana buraxdıq. Durumunun nə yerdə olduğunu bilmirik. Həkimlə danışacağıq. 


- Uzun müddətdən sonra Ağabala Ramazanov meydana qayıtdı. Onun oyununu necə dəyərləndirirsiz?

- Normal idi. Komanda üçün nəsə etməyə çalışdı. Bir oyunçuya yox, bütün oyunçulara iradımız var. Uduzmuşuqsa, səhv bizdədir. Məğlubiyyətdə fərd olaraq kimisə günahlandırmaq fikrimiz yoxdur. Həmişə uduzan baş məşqçilər olur.


- Müdafiədə kobud səhvlərin olması nə ilə bağlıdır?

- Doğurdan da ən çox səhvlərimiz müdafiədədir. Bu gün də rəqibə qapıya zərbə vurmağa imkan verdik. Olan oyunçularımız budur. Vaxtaşırı futbolçuların yerini dəyişirik. Qışı gözləməliyik. Hər oyunda edilən səhvlər bizə baha başa gəlir. 


- Qış fasiləsində gedənlər çox olacaq, yoxsa gələnlər?

- İndidən demək çətindir. Sabah nə olacağını bilmək olmur. 


- Mətbuatda Aleksandr Kerjakovun "Səbail"ə baş məşqçi təyin olunacağı yayılıb. Bu xəbər sizə necə təsir etdi?

- Mən istefa verməkdən qorxmuram. Həyatın hər sürprizinə hazıram. Tək futbolda yox, həyatda da. Komanda məğlub olursa, belə söhbətlər həmişə olacaq. Uduzmağı xoşlamıram. İstəyirəm ki, futbolçular da bunu dərk etsin. Məni ən çox narahat edən budur. Nə olacaqsa, klub rəhbərliyi qərar verəcək.

 

Elçin Əlixan

Xəbər xətti