Azərbaycanlı futbol məşqçisi Sənan Qurbanov Sportal.az saytına müsahibə verib.
- Ölkə çempionatının lideri "Qarabağ" qolkiperi Şahruddin Məhəmmədəliyevi zədəyə görə uzun müddətə itirdi. Məhəmmədəliyevin yoxluğu hiss olunacaq?
- Bəli, "Qarabağ" ciddi itki ilə üzləşdi. Çünki uzun zamandır ki, komandanın əsas qolkiperi idi. Nə qədər tənqid olunsa da, Şahruddin uğurlu çıxışı ilə yadda qalırdı. Milli komandamızın da qapısını qoruyan isimdən danışırıqsa, düşünürəm ki, "Qarabağ" üçün böyük itkidir. Komandanın oyun fəlsəfəsini daha yaxından bələd idi, oyun üslubunu əzbərdən bilirdi. "Qarabağ" rəqibi öz qapısında pressinq edəndə Şahruddini hətta mərkəz müdafiəçisi kimi də görürdük. Bütün bunları nəzərə alanda, komanda üçün hərtərəfli itki sayıram.
- Avrokuboklarda Luka Quqeşaşviliyə güvənmək olar? Komandanın bu müddətdə qapıçı transfer etməsi nə dərəcədə realdır?
- Luka Quqeşaşvili də müəyyən müddətdir ki, komandanın düşərgəsindədir. Doğrudur, gəncdir. Bu dönəmdə "Qarabağ"ın qapıçı transfer etməsi nə dərəcədə alınar, ya alınmaz, bilmirəm. Çünki bu komandada oynayacaq səviyyədə olan yaxşı qapıçıların müqaviləsi var. Klublarının onları buraxması real görünmür. Hətta pul ödəsələr belə, çətin görünür. Sırf avrokubok üçün də, bilmirəm nə qədər düzgün olar qapıçı transfer etmək. Şahruddin yerli qolkiperdir, belə olanda, daha çox legioner oynatmaq şansı olur çempionatda. Hər halda, hər şeyi zaman göstərəcək. Düşünmürəm ki, "Qarabağ" qapıçı transfer etsin. Amma hər halda, "Qarabağ" İbrahim Şehiç səviyyəsində qapıçı tapsa, onu transfer edər. "Qarabağ" onu transfer edər. Hazırki vəziyyət isə məcburiyyətdən qapıda Lukaya güvəniləcək. Quqeşaşvili də çalışacaq ki, özünü daha yaxşı tərəfdən göstərsin. O da səhv etməməyə çalışacaq. Avrokubok oyunlarına az vaxt qalıb.
- Yoxlama görüşlərində Adama Diakabini izlədiniz? Formasını bərpa edərsə, "Qarabağ"da aparıcı oyunçuya, liderlərdən birinə çevrilə bilər?
- Bacardıqca klublarımızın yoxlama oyunlarını izləməyə çalışırdım. Açıqlamalardan görünürdü ki, Diakabi uzun müddətdir izlənilən biridir. Siyahıda adı çoxdan var idi. Sürəti və perspektivinə inanırlar. Oyun praktikasından əziyyət çəkir. Yoxlama görüşündə görünürdü. Amma görünür ki, sürəti var, böyük perspektiv vəd edir. Qısa zamanda formasını bərpa edərsə, komandaya kömək olacaq. Liderə çevirilib-çevrilməyəcəyini isə zaman göstərəcək. Zubir səviyyəsində olarsa..Hamımız Kadidən danışırıq, amma nəzərə alaq ki, o da hay-küylü transfer deyildi. Amma gedişi elə oldu. "Qarabağ"da artırdığı göz önündəydi. Ancaq Diakabi bundan öncə böyük məbləğə "Monako"ya transfer edilmişdi. İndi həmin səviyyəyə qayıtmaq üçün dəridən-qabıqdan çıxmalıdı. "Qarabağ" bu işi öhdəsindən gələ bilən klublardandır.
- Ümumiyyətlə, qışdan sonra qışa qədərkindən daha güclü, daha rəqabətli çempionat gözləyirsiz? Sizcə, çempionluq, yoxsa kubok uğrunda daha qızğın mübarizə gedəcək?
- Qışdan sonra çempionat hər zaman daha gərgin və daha həyəcanlı keçir. Çünki komandalar səhv etməməyə çalışır. Xal itirirsənsə, zamanın da yoxdur ki, onu bərpa edəsən. Mövsümün ilk yarısından sonra fasiləyə gedirsən və toplanışda nəyisə düzəltməyə çalışırsan. Amma sonlara doğru zədəlilər, cəzalılar problemə çevrilir. Bu dönəmdə komandalar daha həssas olmağa çalışırlar. Məncə, çempionat daha da qızğın gedəcək. Buna qədər də çempionat pis getmədi, sürətli oyunlar izlədik. Kubok hər kəsin diqqətini çəkdi ki, "Qarabağ" və "Sabah" kimi iddialılar iştirakını başa vurdu. Burada da qızğın olacaq. "Neftçi" kubokda favorit sayılır. Bu, onların titul qazanması baxımından yaxşı şansdır. "Sabah" və "Neftçi" çempionluq uğrunda mübarizədə "Qarabağ"a mane olmağa çalışacaq. Amma düşünürəm ki, "Sabah" və "Neftçi" arasında daha qızğın mübarizə gedəcək, nəinki "Sabah"la "Qarabağ" arasında. "Qarabağ" da son vaxtlardakı oyunçu itkilərindən bəlkə də, əziyyət çəkə bilər.
- Bu qış hansı transfer daha çox diqqətinizi çəkdi?
- Transfer baxımından klubların əziyyət çəkdiyini görürük. Amma "Neftçi"nin son transferi "Srvena Zvezda" ilə oyunda diqqətimi çəkdi. Cəld, sürətli idi. Sanki zaman-zaman daha yaxşı olacağını düşünürsən. "Sabah"dan başqa bütün klublar transfer etdi. Qalır çempionatda onları izləmək. Diqqətimi çəkən "Neftçi"nin yeni transferi Kilan Lebon oldu. "Sabah"ın heyəti genişdir. Məncə, hazırkı heyətlə də avrokuboklar zonasında qala biləcəyi görünür. Qarşıda əsl marafon var. "Sabah" kubokda mübarizəsini dayandırıb, sırf diqqətini çempionata kökləyəcək. Bəlkə də, bir futbolçu transfer etsəydi, daha yaxşı olardı. Amma onlar daha yaxşısını bilirlər. Yəqin ki, uyğun transfer edə bilmədilər. Hər halda, onlar da istəyərdi.
Mirbağırağa