"Volkovla Oçiqava daha çox Gürcüstan çempionatı haqda məlumat verdilər"

15:41 - 7 Fevral 2023

Azərbaycanın U-21 yığmasında oynamış, "Sabah"dan "Samtrediya"ya icarəyə yollanan Abdulla Xaybullayev Sportal.az saytına müsahibə verib. 

- Artıq komandanın düşərgəsinə qoşulmusan?
- Bəli, bəli. Artıq iki həftədir ki, komandanın düşərgəsindəyəm. Məşqlərimi edirəm, hər şey normaldır.

- Səni necə qarşıladılar? 
- Məni çox yaxşı qarşıladılar. Mehriban kollektivimiz var. Atmosfer də çox yaxşıdır. Birlik dərhal hiss edilir. Bu da, çox yaxşı haldır. Adaptasiyanın tez keçməsinə də kömək olur.

- Artıq kollektivlə tanış olmusan, futbolçuların nəyə qadir olduğunu bilirsən. Necə düşünürsən, əsas heyətdə özünə yer edə biləcəksən?
- Təbii ki, hər şey məndən asılı olacaq. Əgər yaxşı məşq etsəm, toplanışda da özümü yaxşı tərəfdən göstərsəm, start heyətində özümə yer tapacam. İndi sadəcə çalışmaq lazımdır.

- Komandanın heyətində Türkiyəyə toplanışa yollandınız. Bu ölkədə güclü zəlzələlər baş verdi. Hər hansı narahatçılıq var?
- Türkiyədə baş verənlər təbii ki, çox üzücüdür. Dəhşətli hadisədir. Allahdan dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa diləyirəm. Bəli, artıq Türkiyədəyik, toplanışımızı burada keçəcəyik. Antalyada vəziyyət normaldır.

- Azərbaycanın U-21 yığmasında oynamısan. Səncə, Gürcüstan yüksək liqasında çıxış edərək, Azərbaycanın əsas millisinə cəlb olunacaqsan?
- Məncə, Gürcüstan çempionatında oynayaraq Azərbaycan millisinə cəlb olunmaq mümkündür. Çünki Gürcüstanda da yaxşı komandalar var, çempionatın səviyyəsi də normaldır. Görək də, necə olacaq.

- "Sabah"dakı komanda yoldaşların arasında gürcü futbolçular - Davit Volko, Zurab Oçiqava yer alır. Onlardan "Samtrediya" və ya Gürcüstan futbolu haqda danışmışdın?
- Volkovla Oçiqava daha çox Gürcüstan çempionatı haqda məlumat verdilər. "Samtrediya" haqda isə o qədər də çox danışmamışdıq. Volkov mənim üçün bir neçə məlumat da öyrəndi. Ona təşəkkür edirəm.

Mirbağırağa

Xəbər xətti