Amil Yunanov: "Ürəksiz olsam, heç vaxt topa yaxınlaşmaram"

11:40 - 26 Fevral 2023

"Şamaxı"nın futbolçusu Amil Yunanov Premyer Liqanın 24-cü turunun "Sabah"la matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az iki qol vuraraq bölgə təmsilçisinə qələbə qazandıran hücumçunun müsahibəsini diqqətinizə çatdırır:

 

- Son matçlarda Məğlub olmuşduq. Bu oyuna ciddi hazırlaşırdıq. Öz meydanımızda oynayırdıq. "Sabah" son turda məğlub olmuşdu deyə onlarda da gərginlik var idi. Bu vəziyyətdən istifadə etməyə çalışdıq. Qələbə qazandığımıza görə sevincliyik.


- "Sabah"la oyunda qələbəyə inanırdız?

- "Sabah" kimi komanda ilə oyunda heç-heçə də bizim üçün pis nəticə deyildi. Amma qələbə lap yaxşı oldu.


- İki qol vurdun. Öz oyununu necə dəyərləndirirsən?

- Birinci qolum yaxşı alındı. İkinci də penaltidən idi. Sevindirici məqam odur ki, həm qol vurdum, həm də komandam qələbə qazandı. Komanda yoldaşlarımın, azarkeşlərin sevinci hər şeyə dəyərdi. 


- Son dəqiqələrdə penalti vurdun. Tərəddüd, həyəcan var idi?

- Xeyr. "Səbail"lə matçda da 90-cı dəqiqədə penaltidən qol vurmuşdum. Belə məqamlarda çəkinmirəm, ürəkli olmağa çalışıram. Ürəksiz olsam, heç vaxt topa yaxınlaşmaram. 


- Zədədən qayıtdıqdan sonra ən yaxşı oyununu keçirdiyini demək olar?

- Bəli. İki qol vurdumsa, yaxşı oyun keçirmişəm. Daha çox oynamaq istəyirəm. Futbolçu nə qədər çox meydanda olsa, o qədər inkişaf edər. 

 

- Penaltini Elvin Məmmədova vermək kimi bir düşüncən oldu?

- Elvin həm bizim kapitandır, həm də komandada hamıdan böyükdür. Ondan soruşdum ki, penaltini vurum? O da sakit şəkildə dedi ki, vur. Əlbəttə soruşmalı idim. Hamımız Elvin Məmmədova hörmət edirik. 


- Qələbə üçün nə qədər mükafat veriləcək?

- Bu, komandanın içində olan bir şeydir. Yəqin ki, digər matçların mükafatından fərqli olar. Ümid edirəm rəhbərlik bizi sevindirər.


- Bu qələbə Premyer Liqada qalmaq mübarizəsində geridönüş olacaq?

- Buna inanıram. Qarşıda çətin rəqiblərlə oyunlarımız var. Əsas rəqiblərimiz olan "Turan Tovuz", "Kəpəz" və "Sumqayıt"a məğlub olduq. Futboldur, belə şeylər olur. "Sabah" kimi komandaya qalib gəlmək bizə əlavə motivasiya verəcək. Komandamız üçün hər şey daha yaxşı olacaq.

 

Elçin Əlixan

Xəbər xətti