Azərbaycan millisinin sabiq müdafiəçisi Emin Nuri Sportal.az saytına müsahibə verib. Futbolçu karyerasının böyük hissəsi “Kalmar”la bağlı olan Emin bu ildən adıçəkilən komandada məşqçi kimi fəaliyyətə başlayıb. Bolqarıstanda dünyaya gəlsə də, sonradan ailəsi ilə birlikdə İsveçə köçmüş Nuri 2014-cü ildə Azərbaycan millisində bir oyunda meydana çıxmışdı. İsveçin U-21 yığmasında da oynamış veteran müdafiəçi Özbəkistanla yoxlama görüşündən sonra bir daha yığmamızın heyətində meydana çıxmamışdı. Nuri saytımıza müsahibəsində həm indiki işindən danışıb, həm də millimizdəki çıxışını xatırlayıb.
- Hazırda işləriniz necə gedir? Məşqçi kimi fəaliyyət göstərirsiniz...
- Bəli, artıq məşqçi kimi fəaliyyət göstərirəm. Hər şey də yaxşı gedir. Hər gün inkişaf etməyə çalışıram.
- Özü də, uzun illər formasını geyindiyiniz "Kalmar"da məşqçi kimi işə başlamısız?
- Bəli, Henrik Yensenin köməkçisiyəm. O, əvvəllər "Mityülland"da işləyib. Mən də ona kömək edirəm. İki il U-19 komandasında işlədim. Artıq bu mövsümdən Yensenə kömək edəcəm. Əslində, çox stimul və həyəcanverici çağırışdır. Ona görə də, qəbul etdim. İnanılmaz dərəcədə əhəmiyyətlidir. Ən yaxşısını etməyə çalışıram.
- Bir az geriyə qayıdaq. 2014-cü ildə Azərbaycan millisinə cəlb edilmişdiniz. Təklif necə gəldi və necə oldu ki, Azərbaycan millisində oynamağa başladınız?
- Təklif o vaxtı Azərbaycan milli komandasının kapitanından gəlmişdi. Köklərimin Azərbaycanla bağlılığı olduğu üçün təmasa keçildi. Tez bir zamanda danışıqlar başlanıldı və məsələ reallaşdı.
- Yəni, Azərbaycanla bağlılığınız var idi?
- Bəli. Bayaq dedim axı. Mənim köküm Azərbaycanla bağlıdır. Ona görə də, sənədlər hazırlandı və Azərbaycan millisində oynamağıma icazə verildi.
- Bəs yaxşı, sonradan nəyə görə millinin oyunlarına cəlb edilmədiniz? Berti Foqts nəyə görə milliyə bir daha dəvət etmədi sizi?
- Daha çox beynəlxalq matçlarda olmamağımın səbəbi, daha çox istədiyim keyfiyyəti qoruya bilməməyimdən asılı idi. Yəni, inandığım və düşündüyüm səbəblərdən biri budur. Təbii ki, mən də Azərbaycan millisində oynayaraq ən yaxşısını etmək haqda düşünürdüm. Həmin vaxtı daha yüksək səviyyədə oynayan, formada olan oyunçular var idi.
- Azərbaycan millisində debüt etdiyin oyunu xatırlayırsan?
- Əlbəttə. Debütümü hər zaman xoş anlar kimi xatırlayıram. Azərbaycan millisindəki debütüm şəxsən mənim üçün böyük hadisə idi. Özbəkistana qarşı oynamışdıq. Qarşılaşma 0:0 hesabı ilə başa çatmışdı.
- Həmin vaxtı Azərbaycan millisində birlikdə futbolçulardan kiminləsə əlaqən qalıb?
- Azərbaycan millisində oynayan çox futbolçunu xatırlayıram. Çoxlu sayda istedadlı və əla futbolçular millidə yer almışdı. Xatırladığım qədərilə hamısı yaxşı insanlar idi. Millidə bir oyun oynasam da, o anlar hər zaman xoş xatirə kimi mənimlə qalacaq.
Mirbağırağa