"Bilirdik ki, ağır oyun olacaq "Qarabağ" çempionatın ən yaxşı komandalarındandır. Matça yaxşı başladıq. Ümumi olaraq komandanın çıxışından razı qaldım. Futbolçular rəqibdən çəkinmədilər. Dominant oyun göstərməyə çalışdıq. Rəqib təzyiq göstərdiyinə görə müəyyən boşluqlar verdik".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 25-ci turunun "Qarabağ"la(1:3) oyunundan sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Müdafiə futbolu oynasaydız, nəticə fərqli ola bilərdi?
- Top rəqibdədirsə, müdafiə olunmalısan. Sadəcə komandadan daha öncə müdafiə olunmağı tələb edirik. Biz o komandalardan deyilik ki, 90 dəqiqə müdafiəyə qapanaq, əks-hücumlara bel bağlayaq.
- Son nöqtəni qoymaqda çətinlik çəkirsiz. Bunun səbəbi nədir?
- O epizodları yaratmağın özü də, güc tələb edir. Hər matçda qol fürsətləri əldə edirik. Sadəcə olaraq, dəyərləndirməkdə çətinliklərimiz var. Gördüyümüz bizə inam verir. Komanda hücumda istədiyimizi etməyi bacarır.
- Ən çox legioneri olan komanda "Qəbələ"dir. Amma buna baxmayaraq turnir cədvəlində üst sıralarda deyilsiz. Legionerləriniz istədiyiniz səviyyədə deyil?
- Sizin işiniz statistikaya baxmaqdır. Bu gün 5 legioner, 6 azərbaycanlı oynayırdı. Mən milliyətə fikir vermirəm. 23 futbolçumuz var. Kim layiqdirsə, o da oynayır.
Elçin Əlixan