Sərxan Hacıyev: "Bir komanda bu il Premyer Liqanı tərk edəcək" MÜSAHİBƏ

13:59 - 7 Mart 2023

AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun hesabat konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:

- Yeni mövsümdən birinci divizionda əlavə dörd komanda cəlb ediləcək. Bu, hansı prinsiplərlə həyata keçiriləcək?
- Kriteriyalar üzrə klublara müraciət ediləcək. Ona cavab verənlər I Divizionda olacaq. İlk növbədə bu məsələyə baxılacaq. Əlbəttə ki, digər məsələlər də gündəmə gələ bilər. Məsələn, ola bilər hansısa komanda Region Liqasında üç ildir çıxış edir, amma elə komanda var, bir ildir. Yəni bir il çıxış edən komandanın diviziona gəlmək şansı daha çoxdur. Çünki həmin komandanın dəstəkçisi ola bilər. Bir il çıxış edib, sponsorlarla gələn komanda daha yaxşıdır, nəinki üç ildir Region Liqasında oynayıb, diviziona gəlib mövsümün yarısında iştirakını dayandıranlar.

- Hər dəfə deyirsiz ki, 10-cu olan komanda Premyer Liqanı tərk edəcək. Bəs diviziondan neçə komanda gələcək?
- Bəli, bir komanda bu il Premyer Liqanı tərk edəcək. Təbii ki, bu, sonuncu yeri tutan olacaq. Ona görə də, Premyer Liqa klubları bunu nəzərdə saxlasın. Bəli, diviziondan bir komanda idman prinsipləri qorunaraq, yüksək liqaya gələcək. Komandalarının sayının artırılması bu dəqiqə müzakirə mövzusu deyil.

- I Divizion klublarına dövlət tərəfindən maliyyə ayrılacağını dediniz. Ola bilər ki, divizionda 10 yox, çox komanda olsun?
- Gələn mövsüm üçün yox. Çünki yeni mövsümdən divizionda 10 komandanın olması nəzərdə tutulub. Dövlət tərəfindən ayrılacaq büdcə 10 komanda üçündür. Gələcək illərdə büdcə artırılsa, baxa bilərik. Amma hazırda ayrılan məbləğ ancaq 10 komandalıq üçündür. 

- Seçim çətin olmayacaq sizin üçün? 
- Çətinlik ola bilər. Lakin PFL tərəfindən qeyd edilən kriteriyalar var. Elə format olmayacaq ki, kim istəyir gəlsin divizionda çıxış etsin. Klubun öz stadionu olmalıdır. İdeya odur ki, 4 komandanın hamısı regionu təmsil etsin. Region komandası öz şəhərində oynamırsa, birmənalı şəkildə onlar müzakirəyə çıxarılmayacaq. Region Liqasında bir şəhəri təmsil edib, başqa şəhərdə oynayanlar var. Amma belə komandaların I Divizionda iştirakı müzakirə olunmayacaq. Məbləğ verilirsə, komandaların hamısı iştirak etmək istəyəcək. Kriteriyalar ona görə yaranıb ki, seçim etmək mümkün olsun. Elə komanda gəlsin ki, çempionatın yarısından iştirakını dayandırmasın. 

- Dediz ki, regionlarda stadionlar tikiləcək. Onlar arasında işğaldan azad edilmiş bölgələr var?
- Hazırda sırf o regionlarla bağlı müəyyən müzakirələr gedir. Ona görə dəqiq məlumat verə bilmərəm. Növbəti həftələrdə bilinəcək. Lakin Tərtərdə stadionun tikilməsi ilə bağlı fikirlər var. İnfrastruktur yaradılacaq.

- “Səbail” turnir cədvəlinin sonuncu pilləsindədi. Onlar diviziona yuvarlanarsa, hansısa bölgəni təmsil edə bilər?
- Hazırda bununla bağlı ciddi şəkildə müzakirələr yoxdur.

- I Divizion klublarına nə qədər vəsait ayrılacaq?
- 10 komandaya 3 milyon, yəni bir komandaya 300 min manat.

- Region Liqasından hansı klublar sizə müraciət edib?
- “Füzuli” müraciət etmişdi. “Difai” də həmçinin. Ola bilər ki, hansısa komandaları yaddan çıxarım. Bir neçə komanda müraciət edib. Lakin həmin komandalarla kriteriya məsələsi müzakirə edilməyib.

- Tərtərdə stadion tikiləndən sonra MOİK ora köçürülə bilər?
- Xeyr, belə söhbət müzakirə mövzusu deyil.

- Futzal üzrə Azərbaycan çempionatında sanki İran və Əfqanıstan liqası keçirilir. İnkişaf istəyiriksə, niyə bu qədər legioner gətirilir? Bununla bağlı ölçü götürəcəksiz?
- Hazırda bu məsələ AFFA-da rəhbərlik və futzal federasiyası tərəfindən ən aktiv müzakirə olunan məsələlərdən biridir. Gələn ildən Yüksək Liqada çıxış edən legioner məsələsinə limit və kriteriyaların tətbiq edilməsi ciddi şəkildə müzakirə edilir. Məsələn, ola bilsin ki, Yüksək Liqada çıxış edən legionerin bura gələnə qədər öz ölkəsinin yüksək liqasında və ya millisində oynaması şərt olsun. Məsələn, Əfqanıstandan olan futzalçı, yığmasının üzvü olmalıdır ki, liqamızda iştirak etsin. Müzakirələr gedir.

- Premyer Liqadakı süni örtüklü meydançların təbii örtüyə dəyişdirilməsi mümkündür?
- Həm Bayılda, həm Tovuzdakı stadionda süni örtük yeni salınıb. Bu gün üçün müzakirə olunmur. Çünki belə məsələlər sonda müəyyən maliyyəyə gətirib çıxarır. Təbii ot örtüyü olduğu halda, yanında məşq üçün də meydançalar olmalıdır. Sünii örtükdə bir neçə məşq etmək mümkündür. Təbii örtüyə keçmək büdcə tələb etdiyindən, hazırda müzakirə edilmir.

- Hesabatda belə bənd var "digər xərclər üçün 6 milyon". Onlar nədir?
- O xərclər müxtəlif tədbirlərin keçirilməsinə xərclənib. Tədbirlər, milli komandaların səfərləri zamanı baş verən gözlənilməz hadisələrə görə ola bilər. Böyük tədbirlərin də keçirilməsində gözlənilməz xərclərin olması mümkündür. Bu, təkcə tədbir yox, ilboyu bir çox komandalarımız səfərlərinə də aid edilə bilər. İstənilən sahədə müəyyən nəzərdə tutulmayan xərclər olur.

- Sosial şəbəkələrdə bununla bağlı müzakirələr gedir. Olmaz ki, həmin xərcləri tam açıqlayasız?
- Digər xərclər elə məsələdir ki, istənilən halda, detallı şəkildə hər birini açıqlamaq mümkün olmur. Gözlənilməz şəraitdə baş verən xərcləri detallı şəkildə demək asan deyil. Ona görə, məcbur olaraq, digər xərclər kimi göstəririk.

- 2023-cü ildə idman jurnalistləri arasında tədbirlər nəzərdə tutulub?
- Belə ideyamız var. Amma sırf jurnalistlərin arasında deyil. Ola bilər ki, bir neçə seqmenti əhatə edən turnirlərimiz olsun  jurnalistlər orada iştirak etsin.

Mirbağırağa 

Xəbər xətti