"Askoli"nin yarımmüdafiəçisi: "İtaliya A seriyasında oynayan ilk azərbaycanlı olmaq istəyirəm"

18:34 - 7 Mart 2023

"Məqsədlərim böyükdür. İtaliyada oynamağım əbəs yerə deyil. Sadəcə bir az zamana ehtiyacım var. Uyğunlaşma ilə bağlı problemim yoxdur. Çünki artıq italyan dilində bilirəm və kollektivə də öyrəşmişəm. Mən burada özümü yaxşı tərəfdən göstərərək "Askoli"yə qayıda bilərəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Askoli"nin futbolçusu Raul Yaqubov deyib. Müqavilə ilə bu kluba məxsus olan azərbaycanlı futbolçu icarə əsasında "İmoleze"də çıxış edir. C seriyasında debütə hazırlaşan Yaqubov məqsədlərindən söz açıb: "Hazırda icarə əsasında "İmoleze"dəyəm. Məşqlərimi əsas komandanın heyətində edirəm. Amma oyunlara əvəzedici heyətdə çıxmalıyam. Sadəcə olaraq, əvəzedici heyətin baş məşqçisi deyir ki, ya daimi olaraq bizimlə məşq et, oyunlara çıx, ya da elə əsas komandada qal. Mən də məşqlərimi edərək, şansımı gözləyirəm".

Gənc futbolçu C seriyasının səviyyəsini də şərh edib: "Söhbət İtaliya futbolundan gedirsə, burada zəif liqa yoxdur. İtaliya futbol ölkəsidir və istənilən liqası çox güclüdür. C seriyasının da səviyyəsi yüksəkdir. Buradakı klubların demək olar ki, hamısı böyük tarixə malikdir. A seriyasında yer alan komandaların əksəriyyəti futbolçularını təcrübə üçün C, D liqalarına göndərirlər. C liqasının da səviyyəsi yetərincə yaxşıdır. Ümidvaram ki, yaxın vaxtlarda bu liqada debüt edəcəm".

Yaqubov İtaliya A seriyasında oynayacaq ilk azərbaycanlı kimi tarixə düşmək istəyir: "İtaliya A seriyasında oynayan ilk azərbaycanlı olmaq istəyirəm. Doğrudur, necə olacağını zaman göstərəcək. Bəli, Xviça Kvaratsxeliya burada özünü çox yaxşı tərəfdən göstərir. Ümid ediərm ki, mən də A seriyasında oynayacam".

Mirbağırağa

Xəbər xətti