"Qalatasaray"ın İdarə Heyətinin üzvü Emin İmanov Sportal.az saytına müsahibə verib.
Azərbaycanlı funksioner Bakıya səfəri haqda danışıb, burada keçirdiyi görüşlər, gələcək planlar haqda məlumat verib:
- Azərbaycana gəlməyinizin məqsədi nədir?
- Bakıya gəldiyim üçün çox şadam. Klubun İdarə Heyətinin üzvlərini Azərbaycana qonaq çağırmışam. Onlara Bakını, Azərbaycanda olan "Qalatasaray" sevgisini göstərmək istəyirəm. Digər məqsəd isə "Qarabağ" klubu ilə tanış olmaq, iki klub arasında münasibətlər yaratmaqdır. Mənim ən böyük arzum bu iki klubun qardaş olması, aralarında əməkdaşlığın yaranmasıdır. "Qarabağ" Azərbaycanın, "Qalatasaray" isə Türkiyənin ən böyük markasıdır.
- Dediklərinizi həyata keçirmək üçün "Qarabağ" rəhbərliyi ilə görüş baş tutub?
- Dunən gəlmişik. 2-3 gün burada olacağıq. "Qarabağ" rəhbərliyi ilə görüşdük, danışıqlar apardıq. Yaxın zamanda iki klub arasında yoldaşlıq görüşü təşkil etmək istəyirik."Qarabağ" və "Qalatasaray"ın yaxınlaşması mövzusunda çox müzakirələr aparıldı. Həm əsas komanda, həm də akademiyalar arasında iş birliyi müzakirə olundu.
- "Qarabağ"la "Qalatasaray" arasında yoldaşlıq oyunu nə vaxt təşkil olunacaq?
- Bir "Qalatasaray" azarkeşi, bir azərbaycanlı olaraq bu, mənim ən böyük xəyalımdır. Azərbaycanda "Qalatasaray" sevgisi çox böyükdür. Buna görə də "Qalatasaray"ı buraya gətirmək mənim borcumdur. Bütün azarkeşlərə söz verirəm ki, "cim bom" Bakıya gələcək.
- 2023-cü ildə baş tuta bilər?
- Söz verirəm ki, bu, 2023-cü ildə baş tutacaq.
- "Beşiktaş"ın zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanda yoldaşlıq oyunu keçirəcəyi deyilir. Sizdə də məqsəd budur?
- Məqsəd bu, olmayacaq. Türkiyə xalqı çox böyük bir imtahandan keçir. Allah onlara səbr versin. Hər türkün borcudur ki, Türkiyəyə dəstək olsun. Çox şey demək istəmirəm. Bəzi şeylər sürpriz olsun. İnşallah xəyallar gerçək olacaq.
- "Qalatasaray"ın idarə heyətinə seçilməyiniz necə baş tutdu?
- Uşaqlıqdan "Qalatasaray" azarkeşiyəm. 30 ildir İstanbulda yaşayıram. 3 ildir "Qalatasaray" klubunun üzvüyəm. Bu klubun üzvü olmaq çox çətindir. İldə cəmi 400 nəfər kluba üzv ola bilir. Türkiyədə "Qalatasaray" məktəbi var. 200 nəfər bu məktəbdən məzun olanlar, 200 nəfər də kənardan kluba üzv qəbul olunur. 3 il əvvəl bu fürsət gəldi və üzv oldum. Bu, mənim üçün çox böyük xoşbəxtlikdir. "Qalatasaray İş Adamları Dərnəyi" var. Bu, kluba ən yaxın olan dərnəkdir. Mən o dərnəyə üzv oldum. Bundan sonra İdarə Heyətinin üzvü oldum. Ötən il "Qalatasaray"da seçki oldu və Dursun Özbək prezident seçildi. Dursun bəy sentyabr ayında mənə klubun İdarə Heyətinə üzv olmağı təklif etdi. Mən də bunu məmnuniyyətlə qəbul etdim. Çox şadam ki, Azərbaycan övladı olaraq "Qalatasaray"a xidmət edirəm.
- Gələcəkdə klubun prezidenti ola bilərsiniz?
- Hər "Qalatasaray" azarkeşinin ürəyində bu arzu yatır. Amma biz hələ yeniyik.
- Türk dünyasının ən böyük baş məşqçilərindən biri də Qurban Qurbanovdur. Bir azərbaycanlı olaraq Qurban bəyi "Qalatasaray"da görmək istəyərsiz?
- Əlbəttə görmək istəyərəm. Qurban Qurbanov Azərbaycanın markasıdır. "Qarabağ" rəhbərliyini təbrik edirəm ki, 15 ildir eyni məşqçi ilə çalışırlar. Qurban Qurbanovun "Qarabağ"a qatdıqlarını görməmək olmaz. Bir Azərbaycan övladı olaraq Qurban Qurbanovu "Qalatasaray"ın baş məşqçisi kimi görmək istəyərəm. Nəinki Qurban bəy, "Qarabağ"ın bir çox oyunçusunu "Qalatasaray"da görmək istəyirəm. Bildiyim qədərilə Azərbaycan və Türkiyə futbol federasiyaları arasında danışıqlar gedir ki, bu ölkələrin futbolçuları bir-birinin çempionatında yerli statusu ilə oynasınlar. Bu olarsa, bizim əlimiz açılar, Azərbaycandan daha çox oyunçu transfer edərik.
- "Qalatasaray" çempion olduqdan sonra Azərbaycana gələcək?
- İnşallah çempion olmadan gələrik.
Mirbağırağa
saytlarin hazirlanmasi