Murad Musayev: "Mikels 10 dəqiqə əvvəl dedi ki, sabah oynamaq istəmirəm"

17:58 - 9 Avqust 2023

"Sabah" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Serbiyanın "Partizan" klubunu qəbul edəcək.

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

- Sabah çox çətin və maraqlı oyun olacaq. Meydanda maksimumumuzu qoymağa çalışacağıq. Çünki, bu cür matçlar üçün ailələrimizdən, dostlarımızdan uzaq qalırıq. İnanıram ki, stadionda çoxlu azarkeş olacaq. Əlimizdən gələn nə varsa, edəcəyik. Qoy, güclü qalib gəlsin.

- Rəqibin üstün və zəif cəhətləri hansılardır?

- Ən üstün cəhətləri sürətli hücum qurmaqlarıdır. Mərkəzdə gözləyirlər, topu ələ keçirdikdən sonra sürətli əks-hücum edirlər. Fərdi olaraq hücumda yaxşı çıxış edən futbolçuları var. Oyunçular bir-birini çox yaxşı anlayırlar. Amma zəif cəhətləri barədə indi danışmaq istəmirəm. Bu, düzgün olmazdı.

- Rəqibin heyətində tanış sima olan Mateus Saldanya var. Onun barədə fikirləriniz necədir?

- Hazırda Saldanyanın "Partizan"ın aparıcı oyunçularından olduğunu deyə bilmərik. Komandaya yeni qoşulub. Amma komandaya çox yaxşı alışıb. İki oyun oynayıb. Birində sonradan meydana daxil oldu, ikinci matça isə start heyətdə başladı. Qollar da vurub. Biz onu tanıyırıq. Amma "Partizan" bir futbolçudan ibarət deyil. Rəqib güclü komandadır.

- Coy Lens-Mikelsin "Sabah"dan getmək ehtimalı nə dərəcədə realdır? Onun gedişi komandaya necə təsir edə bilər?

- Bu halın mövsüm başlayandan sonra baş verməsi yaxşı deyil. Əgər bu, daha əvvəl baş versəydi, onun yerinə oyunçu tapa bilərdik. 10 dəqiqə əvvəl dedi ki, başqa komandaya keçmək istəyirəm və sabah oynamaq istəmirəm.

- Mikels bildirib ki, maaşımı artırsalar, "Sabah"da qalacam. Siz onunla söhbət etmisiniz?

- Şaiyələri çox müzakirə etmək istəmirəm. Bu hadisəyə müsbət cəhətdən təsir etməyə çalışdım. Amma maliyyə ilə bağlı olan məsələlər mənim səlahiyyətimdə deyil. Bu barədə rəhbərlik danışa bilər. Mən ancaq "Partizan"la oyuna köklənmişəm.

- "Partizan"la matçda Mikelsin xidmətindən yararlanacaqsız?

- Dedim axı, 10 dəqiqə əvvəl oynamaq istəmədiyini bildirdi. Seçim onundur. Onun müqaviləsində belə bir bənd var ki, müəyyən məbləğ qarşılığında sərbəst qala bilər. Klubumuzun hesabı var. Həmin hesaba pul daxil olandan sonra sərbəst qala bilər. Amma hazırda hesaba heç bir məbləğ daxil olmayıb.

- "Sabah" nəyin hesabına "Partizan" səddini keçə bilər?

- Komanda oyunu, aqressivlik hesabına. Müəyyən fazalarda çox ehtiyatlı olmalıyıq. Bilirik ki, "Partizan" çox güclü komandadır. Amma mən bütün oyunçularımıza inanıram.

Elçin Əlixan

Xəbər xətti