Türkiyədə oynayan millimizin üzvü: "Bilirəm ki, yığmamız Bakıda Belçikdan xal almağı bacarıb" - MÜSAHİBƏ

14:59 - 8 Sentyabr 2023

Türkiyənin "Tuzlaspor" klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına müsahibə verib.

- "Tuzlaspor"dakı işlərin necə gedir? Hər şey səni razı salır, yoxsa narahat edən məqamlar var?
- "Tuzlaspor"da işlər hələ ki, istədiyim kimi getmir. Hər şeydən öncə onu deyim ki, mövsümöncəsi hazırlıqdan kənar qalmışam. Bu da istər-istəməz hazırkı durumuma təsir göstərir. Amma düşünürəm ki, zamanla qaydasına düşəcək. 

- Yeni komandanda tez bir zamanda debüt etdin. Növbəti matçlarda necə, səni meydanda görəcəyik?
- Bunun üçün məşqlərdə əlimdən gələni edirəm. Seçim etmək məşqçilər korpusunun əlindədir. Hansı qərarı verəcəklər, görəcəyik. Amma mən özüm oynamaq istəyirəm və şansımı gözləyirəm. Ümidvaram ki ,hər şey yaxşı olacaq.

- Ümumiyyətlə, komandanın şəraiti necədir, sənə ayrılan diqqətdən razısan? Hansısa çatışmazlıqlar var?
- Açığı komanda öz bölgəsində yerləşməyib. Təmirlə bağlı başqa bölgədə yerləşmişik. Şərait o qədər yaxşı olmasa da, uyğunlaşmağa başlamışam. Əsas olan meydana çıxıb oyunlarda iştirak etməkdir. Oynayaraq hər şey qaydasına düşəcək.

- Türkiyə birinci divizionu Azərbaycan Premyer Liqasından çox fərqlənir, aralarda səviyyə fərqi var?
- Türkiyə birinci liqasında oyunlar əsasən fiziki güc üzərində qurulub. Azərbaycan Premyer Liqasında isə komandalar oyunları taktiki gedişlər üzərində qururlar. Komandaların elə də böyük fərqləri yoxdur. Hətta bizim bəzi komandalarımız orada yaxşı mənada seçilirlər.

- Milli komandadan dəvət gəlməsi gözlənilməz olmadıki? Çünki ölkə xaricində oynayanlar daha çox milliyə düşmək imkanı qazanır..
- Həmişə istəmişəm ki, milli komandanın oyunlarında iştirak edim. Mənim kimi, bunu hamı da istəyir. Sadəcə klubumda daha ox oynamaq istəyirəm ki, milliyə gələrkən tam hazır olum. O da zamanla düzələcək. Hər şeyin vaxtı var.

- Qarşıda milli komandamızı Belçikaya qarşı AVRO-2024-ün seçmə mərhələ oyunu gözləyir. Hazırlıq necə gedir, hər şey qaydasındadır, sizi oyunqabağı narahat edən nəsə var?

- Hazırlıqlarımız yaxşı gedir. Məşqlərimizi də davam etdiririk. Belçika millisinin oyununu analiz edirik, izləyirik. Bizi nəsə narahat etmir. Hər şey qaydasındadır. 

- 2011-ci ildə millimiz Bakıda Belçikadan xal almağı bacarmışdı. Həmin oyunu izləmisən, necə xatırlayırsan həmin matçı? 

- Həmin oyun yaddaşımda elə də qalmayıb. Amma bilirəm ki, yığmamız Bakıda Belçikadan xal almağı bacarıb. Futbolda belə hallar yaşanır. Sadəcə həmin gün ən yaxşı formada olmalısan və sona qədər də mübarizə aparmalısan. Təbii ki, sabah da sona qədər oynayacağıq.

- Belçika ilə matçda start heyətində olacaqsan?

- Bu barədə nəsə deyə bilmərəm. Çünki heyətlə bağlı məsələyə məşqçilər korpusu qərar verir.

Mirbağırağa
 

Xəbər xətti