"Zirə"nin müdafiəçisi Stefan Akka Premyer Liqanın 6-ci turunun "Sumqayıt"la(1:0) matçından sonra jurnalistlərə müsahibə verib.
Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi öncə rəqib üzərindəki qələbəni şərh edib:
"İlk növbədə qazandığımız qələbəyə görə xoşbəxtəm. Həm də, ilk çıxdığım 90 dəqiqəlik oyunumda bu nəticənin olması məni sevindirdi.Yaxşı seriya əldə etmişik. Oyundan-oyuna inkişaf edib seriyanı daha da yaxşılaşdırmalıyıq".
- Pyer Zeblinin qırmızı vərəqə ilə cəzalandırıldığı epizod barədə nə düşünürsən? Bu məqam oyuna nə dərəcədə təsir etdi?
- Qırmızı vərəqəlik epizod olduğunu düşünmürəm. Amma artıq hakim qərarını vermişdisə, edəcəyimiz bir şey yox idi. Zebliyə qırmızı vərəqənin verilməsi bizi daha da möhkəmləndirdi. Həm də, ekstra motivasiya oldu. Bu da mühüm rol oynadı. Yaxşı komandayıq, oyundan-oyuna inkişaf etməliyik.
- Azərbaycana gəlişin necə baş tutdu? Premyer Liqa barədə fikrin necədi?
- Təbii ki, digər ölkələrdə oynadığım müddətdə Azərbaycandakı böyük komandalar haqda eşitmişdim. “Qarabağ”, “Sabah”ı misal gətirə bilərəm. “Universitetya Krayova”da oynadığım vaxtı Avropa Liqasının təsnifat mərhələsində “Səbail”ə qarşı çıxış etmişəm. Həmin zamandan bəri, Azərbaycan çempionatı ilə bağlı təəssüratlarım var idi. Məncə, yaxşı liqadır. Burada keyfiyyətli futbolçular da var. Məncə, “Zirə” ilə yaxşı işlər görə bilərik.
- "Zirə"dəki şəxsi hədəfin nədir?
- Daha çox oynamağa, öz mövqeyimi qazanmağa çalışacam. Amma bir şeyi unutmayaq ki, hazırda heyətimizdə çox güclü futbolçular var. Lakin fərdi məqsədlərdən də önəmli olan, komandanın hədəfləridir. “Zirə”yə kömək etməyə çalışacam ki, mümkün qədər üst pillələrdə, ilk “üçlük”də çempionatı bitirək.
Mirbağırağa
saytlarin hazirlanmasi