Azər Bağırov: "Hansısa komandanı udmaq mənə şöhrət gətirmir"

20:44 - 16 Sentyabr 2023

"Çətin olacağını bilirdik. "Neftçi" ölkəmizi adlı-sanlı, nəhəng klublarındandır. Onlara qarşı oynamaq həmişə çətindir. Yaxşı oyunçuları var. Bunları və "Neftçi"yə qarşı necə oynayacağımızı uşaqlara bildirmişdik. Bəzi boşluqlarımız oldu. Həyəcan var idi. "Neftçi"nin hazırlıqları yaxşı səviyyədə idi. Şükürlər olsun ki, bu gün qələbə bizim oldu. Futbolçularımı təbrik edirəm. Yaxşı və sona qədər mübarizə apardılar. Mənim üçün çox vacib idi".

Sportal.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 6-cı turunun "Neftçi"yə (1:0) qarşı keçirilmiş mətbuat konfransında deyib.

- Adrian Mutu bildirdi ki, 10 nəfərlə müdafiə olunan rəqibə qarşı oynamaq çətindir. Bu fikirlərlə nə qədər razısız?

- Fikirlərinə hörmətlə yanaşıram. Amma biz epizodik olanda arxada otururduq. Mən açıq futbol oynamağı xoşlayıram. Hətta 10 nəfərlə qalanda da, rəqibi qabaqda sıxırdıq, pressinq edirdik. Həmişə çalışmışam ki, rəqib tərəfdə oynayaq və üstünlük bizdə olsun. Mutunun fikirlərinə isə hörmətlə yanaşıram.

- Qələbəyə görə xüsusi mükafat olacaq?

- Onu rəhbərlik verəndən sonra biləcəyik. Amma bu gün "Neftçi" ilə oynayırdıq deyə, xüsusi hazırlığımız da yox. Meydana çempionatın bir oyunu kimi çıxdıq, qalib gəldik. Rəhbərlik hansı mükafatı verərsə, onunla da kifayətlənəcəyik.

- “Araz-Naxçıvan” hansı pillədə olsa, sizi qane edəcək?

- Hansısa pillə barədə düşünmürük. Bu günlə yaşayıram və sabaha baxıram. Komandama ən yaxşısını etməyə çalışıram. Hansı pillədə olacağımızı sonda biləcəyik. Amma maksimumu etməyə çalışırıq.

- PRO kateqoriyalı məşqçi bu gün "Neftçi" kimi tarixi, tanınmış baş məşqçisi olan rəqibə qalib gəldi. Özünüz nə hiss edirsiz?

- Heç nə. Qolun özündə də belə, böyük sevincim olmadı. Mənim üçün önəmli olan qol yox, nəticədir. Komandam nəticə qazanırsa, içimdə sevinirəm. Arada düşünürəm ki, nələrisə daha yaxşı etmək olardı. Dünənlə yaşamırıq, bu gün maksimumu edib, sabahı düşünürük. Nəticə gələcək. “Neftçi”ni udduq və ya “Qarabağ”a uduzduq, fərq etməz. Hər oyunda komanda üçün nə vacibdirsə, onu edirik. Hansısa komandanı udmaq mənə şöhrət gətirmir. Əsas olan üç xaldır və komandamızın qələbəsidir.

Mirbağırağa

Xəbər xətti