"Şahruddin "Adana Dəmirspor"a keçməklə doğru qərar qəbul etdi"

10:17 - 19 Sentyabr 2023

"Şahruddin Məhəmmədəliyevə gələcək karyerasında, "Adana Dəmirspor"da uğurlar arzulayıram. Millimizin üzvüdür, neçə illər “Qarabağ”ın qapısını qoruyub. Onun çox yaxşı performans göstərdiyi oyunlar da olub. Təəssüflər olsun ki, bəzən kritik anlarda edilən səhvləri bəzi azarkeşlər tərəfindən rəğbətlə qarşılanmayıb. Bu hər futbolçunun başına gələ bilər. Böyük, dahi futbolçuların da səhvlərinə görə xalqı tərəfindən bağışlanmamasını görmüşük. Roberto Baccionu misal çəkərdim. Məşhur finalda penaltini vura bilməməsindən sonra onu hətta millidən demək olar ki, “sildilər”. Təəssüf ki, futbolun da yazılmayan qanunauyğunsuz qanunları da var".

Bu sözləri Sportal.az saytına açıqlamasında Bəxtiyar Musayev deyib. 

Azərbaycanlı futbol mütəxəssis Məhəmmədəliyevin "Qarabağ"dan ayrılaraq "Adana Dəmirspor"a keçidinə şərh verib: "Şahruddin bir neçə matçda kritik səhvləri olduğuna görə, yaxşı performansı da göz ardına vuruldu. Bayaq dediyim kimi, heç Roberto Baccio kimi futbolçunu bağışlamadılar. Şahruddinə məsləhət verərdim ki, keçənləri yaddan çıxarsın, irəliyə köklənsin. Məncə, indiki vəziyyətdə Şahruddin "Adana Dəmirspor"a keçməklə doğru qərar qəbul etdi. Bəlkə də, psixoloji cəhətdən bir az da çətinliklə üzləşə bilərdi. İnanıram ki, gələcək karyerası çox uğurlu alınacaq, bir daha kritik səhvlərlə rastlaşmayacaq. Şahruddin dəyərli insandır. Çox yaxşı matçları da olub".

Musayev, millimizin digər üzvü, "Qrasshopper"dən Türkiyə Superliqasının "Hatayspor" klubuna icarəyə verilən Renat Dadaşov barədə də fikirlərini söyləyib: "Renatın son vaxtlar əsasən millidəki çıxışlarını izləyirəm. Stabil, normal oynayır. Ümid edirəm ki, "Hatayspor"da da onun performansı hamımızı sevindirər. Ən əsası da özünü sevindirər, uğurlu olar. Gəncdir, millimizin üzvüdür. Həm ona, həm də Şahruddinə uğurlar arzulayıram. Əsas odur ki, şans, bəxt də onların yanında olsun. Bu da önəmlidir".

Mirbağırağa

Xəbər xətti