"Canni De Byazinin məni milliyə dəvət edib-etməyəcəyini bilmirəm" - MÜSAHİBƏ

10:49 - 19 Sentyabr 2023

"Araz-Naxçıvan"ın hücumçusu, Premyer Liqanın 6-cı turunun "Neftçi" ilə görüşündə komandasının yeganə qolunu vuran Orxan Əliyev Sportal.az saytına müsahibə verib. Ötən mövsüm birinci divizionda bombardir olan Əliyev, 6 turdan sonra 3 qolla Premyer Liqanın bombardirlər siyahısında ikinci pillədədir. O, bu mövsümkü hədəflərindən də söz açıb.

- "Neftçi" ilə matçda "Araz-Naxçıvan" qələbə qazanmağı bacardı. Özünüz üçün gözlənilməz nəticə oldu, yoxsa qalib gələcəyinizə çox inanırdız?

- Oyun heç də asan deyildi. Çünki güclü komandaya qarşı oynadığımızı yaxşı dərk edirdik. "Neftçi" həqiqətən də yaxşı kollektivdir. Amma biz nə istədiyimizi bilirdik, qələbə qazanacaq gücdə olduğumuzu anlayırdıq. Sonda da bunu əldə etdik. Qələbəyə görə sevinirik.

- Bu matçdakı yeganə qolu sən vurdun. Yəqin ki, qələbə sənin üçün ikiqat sevindirici idi?

- Əlbəttə ki, belədir. Mənim üçün hər qol vacibdir. Qol vurduqca, sənə daha çox inam gəlir. Belədə, qollarına davam edirsən.

- Bu mövsüm "Qarabağ"a qarşı da yaxşı oynamışdınız, amma son dəqiqə qolu ilə məğlub olmuşdunuz. "Neftçi"ni məğlub etməyiniz sizin bu mövsümkü iddianızdan xəbər verir?

- "Qarabağ"a qarşı oyunumuz da yaxşı alınmışdı. Amma təəssüflər olsun ki, o cür mübarizə etsək də, sonda uduzmuşduq. Lakin həvəsdən düşmədik, işləməyə davam etdik. "Neftçi"ni məğlub etməklə, Premyer Liqaya elə-belə çıxmadığımızı göstərdik.

- "Araz-Naxçıvan"ın avrokuboklar uğrunda yarışması mümkündür?

- Çempionatdakı hər bir komanda avrokuboklarda mübarizə aparmaq istəyir. Qarşıda hələ 30 oyunumuz var. İndidən bu barədə nəsə deməyin də mənası yoxdur. Bizim işimiz hər oyuna çıxıb, qələbə üçün əlimizdən gələni etməkdir.

- Hazırda Premyer Liqada bombardirlər siyahısında ikincisən. Bu mövsüm səncə neçə qol vura bilərsən? 

- Nə qədər qol vursa bilsəm, vuracam. Bunu mövsümün sonunda görəcəyik. Təbii ki, öz üzərimdə çalışıram. Ki, düşən qol epizodlardan yararlanım. Qarşıma qoyduğum hədəflər var və onlara yavaş-yavaş yaxınlaşım. Vuracağım qolların komandaya kömək olmasını istəyirəm.

- Demək olar ki, bu cür davam etsən, milli komandamızın növbəti toplanışına cəlb edilmək şansını artırırsan? Yəqin ki, Canni De Byazidən dəvət gözləyəcəksən?

- Azərbaycan milli komandasında oynamaq böyük fəxrdir. Aşağı yaş qruplarında millinin formasını şərəflə daşımışam, hər zaman ən yaxşısını etmişəm. Məşqlərdə də öz üzərimdə işləyirəm ki, hər zaman dəvətə hazır olum. Canni De Byazinin məni milliyə dəvət edib-etməyəcəyini bilmirəm. Bu, onun seçimidir. Lakin mən klubumda əlimdən gələni edirəm.

Mirbağırağa

Xəbər xətti