"Neftçi"nin müdafiəçisi Mark Tamaş Macarıstan mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, "Sportal.hu" saytına danışan macar futbolçu Azərbaycandakı yaşayından danışıb:
"Rumıniya çempionatında "Sepsi"nin heyətində Adrian Mutunın komandasına qarşı oynamışam və görünür, o, məni unutmayıb. İnanıram ki, "Neftçi"də yeni səviyyəyə yüksələcəm. "Qarabağ"ın səviyyəsinə çata bilərik. Onu da deyim ki, "Neftçi"ni Mutuya görə seçmişəm. Polşa klubu da məni transfer etmək istəyirdi. Amma mən, həyat yoldaşım, kiçik qızım və iki itimiz Bakıya köçdük. Burada özümüzü yaxşı hiss edirik, şəhərdən kənarda sakit yerdə yaşayırıq. Buradakı insanlar çox mehribandır. Din və yerli mədəniyyət Avropadan çox fərqlidir, amma xalq səmimi və kömək etməyi sevəndir. Azərbaycan və türk mətbəxi bir-birinə çox bənzəyir. Amma mənim mədəm quzu əti ilə o qədər də “dost” deyil. Hələ Bakıda nə macar restoranı, nə də həmyerlilərimlə rastlaşmamışam".
30 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasındakı mübarizəni isə bu cür şərh edib: "Premyer Liqanın mərkəzi və avrokubok görüşləri dolu tribunalarla keçirilir. Digər matçlarda isə o qədər də azarkeş olmur. Konfrans Liqasında Bosniya və Herseqovinanın “Jelezniçar” klubunu məğlub etdikdən sonra avrokuboklar mövsümünün uğurlu olacağını gözləyirdim. Amma evdə “Beşiktaş”a uduzduq (1:3). Səfərdəki görüşdə isə ilk hissədən sonra 1:0 hesabı ilə öndə olanda, uğurumuza inanırdım. Lakin Türkiyə klubunun aparıcı futbolçuları fasilədən sonra matçın axarını dəyişdilər".
Tamaş ölkə çempionatının 6-cı turunun “Araz –Naxçıvan”la matçını buraxmasının səbəblərini də açıqlayıb: "Qaydalara görə, meydanda ən azı dörd yerli futbolçu olmalıdır. Ümid edirəm ki, Premyer Liqanın lideri “Zirə”yə qarşı meydana çıxacam. Azərbaycan çempionatında eyni səviyyəli 4-5 komanda mübarizə aparır. Digər komandalar daha çox müdafiəyə fikir verir və əks-hücumlara arxalanırlar".
Mirbağırağa
saytlarin hazirlanmasi