"Qarabağ" ümidverən futbol oynayır ki, avrokuboklarda qruplara düşür" - MÜSAHİBƏ

11:19 - 21 Sentyabr 2023

"Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov Sportal.az saytına müsahibə verib. Uzun illər Ağdam klubunda oynamış veteran futbolçu bu gün ölkə çempionunun Avropa Liqasının qrup mərhələsinin birinci turunda "Molde"yə qarşı keçiriləcək görüşündən gözləntilərini bildirib.

- "Qarabağ" bu gün "Molde" ilə qarşılaşacaq. Bu matçda Azərbaycan çempionunun şanslarını necə dəyərləndirirsən? 

- Əgər qrupdan çıxmaq haqda düşünürüksə, yüksək xallar toplamaq istəyiriksə, bu oyunu qalib başa vurmalıyıq. Nəinki "Molde" oyunu, bütün ev oyunlarını qazanmalıyıq, rəqiblərə evdə şans tanımamalıyıq. Ola bilər ki, hansısa matçda bərabərə qalarıq. Lakin uduzmaq barədə düşünməməliyik. 

- Ümumiyyətlə, son vaxtlarda gördüyünüz "Qarabağ" sizə qrupdan çıxacağına dair ümid verir? Bu mövsüm liqaya uğursuz başlayıblar... 

- "Qarabağ" ümidverən futbol oynayır ki, avrokuboklarda qruplara düşür. Ola bilər ki, çempionata pis başlayıblar, axsamaları var. Ancaq nə olursa-olsun Premyer Liqada da öz yerini tutacaqlar. Əsas avrokuboklardır, yaxşı nəticələr qazanacaqlar.

- "Qarabağ"ın qrupdakı rəqibləri “Molde” ilə yanaşı "Bayer" və "Hekken”dir. Bu qrupdan çıxmaq mümkündür? "Qarabağ"ın şanslarını necə dəyərləndirirsiz?

- “Qarabağ” elə qrupa düşüb ki, buradan çıxmaq şansı da var, çıxmamaq təhlükəsi də. Çətin qrupdur. Evdəki matçlarda qalib gələ bilsək, səfərlərdə də öz futbolumuzu göstərsək...Oyunlar olur ki, şans düşür, onlardan yararlansaq, rahat şəkildə qrupdan çıxacağıq. “Qarabağ”ın həmişə qrupdan çıxmaq şansı olur. Sadəcə bunları dəyərləndirmək lazımdır.

- "Qarabağ"ın bu qrupda neçə xal toplaya biləcəyini real hesab edirsən? "Bayer"lə birincilik mübarizəsinə girə bilərlər?

- “Qarabağ”ın qrupda neçə xal toplayacağını deyə bilmərəm. Amma maksimum xallar toplamalıdır ki, ən azından lider və ya ikinci yer kimi qrupdan çıxsın. Çünki “Qarabağ” buna layiqdir. 

- Bu mövsüm Juninyodan da gözləntilər yüksəkdir, səncə o gözləniləni nə vaxt verəcək? Reynaldo kimi, altı ay sonra onun perspekfivini açacağını gözləyək? 

- Juninyo pis futbolçu deyil. Amma fikirləşdiyim və gözlədiyim qədər də deyil. Ola bilər ki, getdikcə formaya düşər. Amma açığı, Juninyo Reynaldo və Dino Ndolovu kimi komandanı arxasınca apara biləcək hücumçulardan deyil. Lakin pis hücumçu da olmadığını söyləmək olar. Düzü, builki transferlər bəhrəsini vermədi. Adama Diakabi, Yasin Benzia, Redon Cica nəticəni vermədi. Ola bilər ki, tam formaya düşməyiblər. Amma xeyli vaxt keçib axı. Belə olanda, adamın ağlına o fikir gəlir ki, gözlənilən nəticəni vermədilər.

Mirbağırağa

Xəbər xətti