Gürcüstan klubunun üzvü: "Bir neçə turdan sonra "Sabah" əvvəlki vəziyyətinə qayıdacaq" - MÜSAHİBƏ

14:53 - 23 Sentyabr 2023

Müqavilə ilə "Sabah"a məxsus olsa da, icarə əsasında "Samtrediya"nın formasını geyinən Abdulla Xaybullayev Sportal.az saytına müsahibə verib. U-21 yığmamızın sabiq üzvü Gürcüstandakı durumundan söhbət açıb.

- Gürcüstandakı vəziyyətin necə gedir? Hər şey səni razı salır? Son turda komandan 4:2 "Şukura"ya hesabı ilə qalib gəlib...

- İşlərimiz yaxşı gedir. Son turda 4:2 hesabı ilə qalib gəldik. Bu da bizim üçün vacib xallar idi. Şadam ki, çətin vəziyyət olsa da, qələbə qazanmağı bacardıq.

- "Samtrediya" 9-cu pillədəki "Qaqra" ilə 19 xala malikdir, amma onlardan bir pillə yuxarıda 8-ci pillədəsiz. Ancaq sizin üçün liqanı tərk etmək təhlükəsi hələ də qalıb...

- Biz pley-off matçlarına yaxın zonadayıq. Lakin bizim bu zonanı tərk etmək üçün şansımız da var. Hər şey özümüzdən asılıdır. Çalışacağıq ki, üzərimizə düşəni edək, təhlükəli yerdən uzaqlaşaq.

- "Dinamo" (Batumi) ilə görüşdə baxımlı qol vuraraq komandana səfərdə bir xal qazandırmışdın. Həmin qol əsas heyətdə möhkəmlənməyinə kömək oldu?

- Məncə, əsas heyətdə oynamağımın səbəbi vurduğum gözəl qol deyil. Mən daim məşq edirəm, hazırlıqlar zamanı da sübut etməyə çalışıram. Məşqçilər korpusu da mənə etimad göstərir.

- Gürcüstan çempionatına artıq adaptasiya olmusan? Azərbaycan və Gürcüstan çempionatlarını necə müqayisə edəcəksən?

- Bəli, artıq bura adaptasiya olduğumu deyə bilərəm. Gürcüstan çempionatının səviyyəsi yaxşıdır. Amma müqayisə ediriksə, məncə, Azərbaycan Premyer Liqasının səviyyəsi daha yaxşıdır.

- Yəqin ki, "Sabah"ın çıxışı ilə də maraqlanırsan. Onların işi heç də qaydasında getmir. Bu haqda fikrin necədir?

- Əlbəttə, “Sabah”ın çıxışı ilə maraqlanıram, bütün oyunlarına baxıram. Hazırda “Sabah”ın yeni oyunçuları çoxdur. Məncə, əsas məsələ budur. Bir neçə turdan sonra “Sabah” əvvəlki vəziyyətinə qayıdacaq.

- "Sabah"a geri qayıtmaq sənin üçün realdır? Bu qışda baş tutacaq, yoxsa "Samtrediya"da, Gürcüstanda qalmaq istəyirsən?

- Bəli, "Sabah"a qayıtmağım realdır. Çünki onlarla müqaviləm var. Yəqin ki, belə də olacaq. 

- Ümumiyyətlə, Gürcüstandakı karyeran istədiyin və gözlədiyin kimi alındı? Məsələn, Gürcüstanda tez-tez qollar vuraraq milli komandaya cəlb olunacağını gözləmək olardı?

- Axı bildiyim qədərilə mən bütün matçları start heyətində oynayıram (gülür). Əlbəttə ki, milli komandaya düşməyi mən də istəyərdim. Amma hər şeyə qərar verən millinin baş məşqçisidir. Necə olacağını zaman göstərəcək.

Mirbağırağa

Xəbər xətti