"Qarabağ" bu illər ərzində Avropaya, dünyaya car çəkdi, isbat elədi ki..." - MÜSAHİBƏ

18:36 - 23 Sentyabr 2023

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ikinci turunda İsveçdə "Hekken"in qonağı olacaq.

Sportal.az saytı olaraq bu ölkənin Göteborq şəhərində yaşayan Ağdam təmsilçisinin azarkeşi Kənan Rüstəmovla əlaqə saxladıq, onun fikirlərini öyrəndik:

- Neçə ildir İsveçdə yaşayırsız? Orada nə işlə məşğul olursuz?

- 1975-ci ildə Ağdam şəhərində anadan olmuşam. 2012-ci ildən İsveçdə yaşayıram. Burada "Witt Hem Qarabag" adlı restoranım var. 2020-ci ildə Şuşa azad olunanda bir qrup erməni restoranımızın içinə bomba atıb. Şükürlər olsun ki, bu gün də fəaliyyət göstəririk.

- Azərbaycan futbolunu izləyirsiz? Çempionatımız haqda fikirləriniz necədir?

- Bəli, mütəmadi olaraq izləyirəm. "Qarabağ"ın, Azərbaycan futbolunun azarkeşiyəm. Bu il çempionatımız çox gözəl başlayıb. Rəqabət güclüdür. İnanmıram ki, Azərbaycan klubları da beynəlxalq arenada öz sözünü deyəcək. 

- Nə vaxtdar "Qarabağ" azarkeşisiz?

- "Qarabağ" klubunu mənim atam hacı Əkbər Rüstəmov yaradıb. Ağdamdan olan hər kəs bilir ki, "Qarabağ" məhz mənim atamın adı ilə bağlıdır. Adil müəllim, Nazim müəllim və Ağdam futbolunun yetirmələri hamısı atamın tələbələridir. Biz anadan olandan "Qarabağ"a azarkeşlik etmişik.

- "Qarabağ"ın oyunlarını stadiondan izləyirsiz?

- "Qarabağ"ın ölkə xaricində keçirdiyi oyunların demək olar ki, 90 faizini stadionda izləmişəm. İşlə bağlı bir neçə matçda ola bilməmişəm.

- Kənardan baxanda "Qarabağ" necə görünür?

- "Qarabağ" kənardan da elə "Qarabağ" kimi görünür. Bu klub işğal altında olan bir rayonun komandası kimi illərdir fəaliyyət göstərir, Qarabağın adını dünyaya tanıdır. "Qarabağ" bu illər ərzində Avropaya, dünyaya car çəkdi, isbat elədi ki, Qarabağ Azərbaycanındır. Dünyada işğal altında olan bölgəni təmsil edən, bazası, böyük şəraiti olmayan və bu qədər uğurlar əldə edən başqa komanda yoxdur. Bu işdə kimin əziyyəti varsa, ana südü kimi halal olsun. Qurban Qurbanova, klubun sponsoruna öz təşəkkürümü bildirirəm.

- İsveçdə "Qarabağ"ı tanıyırlar? Orada klub haqda hansı fikirlər var?

- Bəli, tanıyırlar. "Qarabağ" 2016-cı ildə İsveçin "Göteborq" klubu ilə oynayıb. Yeri gəlmişkən, "Hekken" də Göteborq şəhərini təmsil edir. "Qarabağ"ı həm futbol, həm də ictimai-siyasi baxımdan çox yaxşı tanıyırlar. Biz komandamızın qalib gəlməsinə çox ümidliyik. Onlar isə ümidsizdirlər, düşünürlər ki, "Qarabağ" burada qələbə qazanacaq.

- "Qarabağ" İsveçdə "Hekken"lə oynayacaq. Hissləriniz necədir? 

- Püşk atılmamışdan əvvəl Allaha yalvardım ki, "Qarabağ" İsveçi təmsil edən klubla eyni qrupa düşsün. Şükür ki, elə bizim şəhərin komandası ilə bir qrupa düşdü. "Hekken"in stadionu bizim məhəllədə yerləşir. Oyunda çox gözəl atmosfer olacaq.

- Oyuna necə hazırlaşırsız?

- İsveçdə, bizim şəhərdə yaşayan bütün azərbaycanlılar bilir ki, bu komandanı yaradan mənim atamdır. Çox möhtəşəm olacaq. "Qarabağ"ı həmişəki kimi tək qoymayacağıq. Komandanı 7 il əvvəl"Göteborq" matçda necə qarşılanmışdıqsa, indi də o cür qarşılaşacağıq. Hava limanından otelə kimi komandanı maşınlarla müşayiət edəcəyik. Hamısı indidən planlaşdırılıb, hazırlıq gedir.

- "Hekken"lə oyunda "Qarabağ"dan hansı nəticə gözləyirsiz?

- "Hekken" açıq futbol oynayır. İlk turda "Bayer"ə məğlub olublar. Buna görə də mütləq qələbə qazanmaq istəyəcəklər. Bunun üçün də açıq futbol oynayacaqlar. "Qarabağ" da bu cür oyunu sevir. Komandamızın cinahları öz işini görəcək. Qurban Qurbanovun doğru taktikası ilə "Qarabağ" qələbə qazanacaq. Hesabın 2:0, 2:1 olacağını düşünürəm.

- Bir az "Hekken" haqda məlumat verərdiz. Sizcə, "Qarabağ" bu komandanı üstələyə bilər?

- Düzdür, "Hekken" köhnə komandadır. Amma 4-5 ildir parlayır. Klub olaraq çox güclü bazaya malikdirlər. Xokkey, qadın futbolu və digər idman növlərində çox yaxşıdır. Klub olaraq İsveçdə çox tanınır. Amma futbolda uğurları son illərə aiddir.

- Oyuna biletlə bağlı hər hansı problem yoxdur?

- Hələ ki, "Qarabağ" azarkeşləri üçün biletlər satışa çıxmayıb. "Hekken" klubuna dəfələrlə müraciət etmişik. Oyuna getmək istəyənlər çoxdur. Bizə çox bilet ayrılsa, 5-6 min azarkeş matça gedər. İsveçdə ən çox azərbaycanlı bizim şəhərdə yaşayır. Ümumən İsveçdə güneyli-quzeyli 30 min azərbaycanlı var.

Elçin Əlixan

Xəbər xətti