"Bu mövsümkü çempionat gözlənilməz nəticələrlə başladı və elə də davam edir. "Zirə"nin bu tura qədərki çıxışını əvvəlki illərin təcrübəsindən yararlanan komanda kimi dəyərləndirmək olar. Çünki komandanın oyun stilində, oyunlarındakı intizam nəzərə çarpacaq dərəcədə dəyişib. Stil deyəndə, yəni komandanın daha çox müdafiədən oynaması, "iki nömrə" ilə oynayan komanda tipini seçməsi nəzərə çarpır. Ümumiyyətlə, "Qarabağ", "Neftçi" və "Sabah"dan başqa bütün komandalar "ikinci nömrə" ilə oynayırlar. Bu üç klubdan savayı, digərləri bir-biri ilə oyunlarda da öz oyun stillərindən geri durmurlar".
Bu sözləri Sportal.az saytına açıqlamasında Adil Şükürov deyib. Azərbaycanlı futbol mütəxəssisi, "Zirə"nin sabiq çalışdırıcısı adıçəkilən klubun bu mövsümkü çıxışını, turnir cədvəlinə liderlik etməsinə münasibət bildirib.
O, komandanın Premyer Liqanın 7-ci turunda "Neftçi" ilə 1:1 hesabı ilə bərabərə qalması barədə də danışıb: ""Zirə" buraxdığı qoldan sonra göstərdi ki, hücumda oynaya bilir və bu zamanda etibarlı müdafiəni də bacarır. Lakin "Neftçi" bu qədər transferlərin qarşılığında heyətini hələ də formalaşdıra bilməyib. Adrian Mutunun təbilincə desək, "komanda formalaşmaqdadı". Bunun üçün Mutunun nə qədər vaxtı var, onu da zaman göstərəcək".
Sonda isə Şükürov, "Zirə"nin çempionluq şansının olub-olmaması haqda fikirlərini deyib:
"Boşa verilmiş ötən mövsümkü çempionatdan sonra və ümumiyyətlə, Rəşad Sadıqova verilən şansların qarşılığında komanda mütləq çempionluq uğrunda mübarizə aparmalıdır. "Zirə" Premyer Liqaya gəldiyi gündən çempionatda ikinci və üçüncü olub. Bu mövsüm çempionatdakı uğurlu startdan sonra, "Zirə" mövsümün axırına qədər bu performansı saxlamağa borcludur. Heyətin isə kasad olduğunu deməzdim. Çünki oyuna daxil olan futbolçuların hər biri oyunun dinamikasını saxlaya bilir. Komanda həm avrokuboklarda, həm də kubokda, həm də çempionatda mübarizə aparsaydı, onda heyətin kasad olması məsələsi ilə razılaşardım. İndiki halda Premyer Liqa oyunları və kubok matçları var. Liqa matçları da maksimum beş gündən bir keçirilir. Bu halda isə oyundan-oyuna olan vaxt futbolçuların tam bərpası üçün yetərlidir".
Mirbağırağa