"Cəmi 7 xal toplamışıq, birinci dövrə "Qəbələ" üçün uğursuz alındı"

11:32 - 8 Oktyabr 2023

"Oyunboyu üstünlük tərəf olduq. Qol epizodlarımız da az deyildi. Amma təəssüflər olsun ki, onlardan istifadə edə bilmədik. Heyf ki, bu cür görüşü uduzduq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin futbolçusu Rəşad Əzizli deyib.Bölgə klubunun qapıçısı Premyer Liqanın 9-cu turunun "Səbail"lə (0:1) görüşü haqda danışıb. O, son saniyədə gələn qolla komandasının məğlub olmasını şərh edib:

"Buraxılan qola nəyin səbəb olduğunu dəqiq deyə bilməyəcəm. Çünki adi epizodda qol oldu. Oyunboyu üstün tərəf idi. Ani diqqətsizlikdən qol buraxdıq. Oyun planında son turlarda inkişaf var. Özünəinam da yerindədir. "Səbail"dən heç bir komponentdə geri qalmadıq".

Sonda isə Əzizli, komandasının başa çatan ilk dövrədəki performansını dəyərləndirib: "Mövsümün ilk dörd oyununda xal qazanmağı bacarmadıq. Təbii ki, belə olan halda, komandada psixoloji təzyiq yarandı. İlk qələbəmizi beşinci turda əldə etdik. İlk dövrədə 7 xal toplamışıq. Bu mənada, birinci dövrə "Qəbələ" üçün uğursuz alındı. Növbəti dövrədən daha yaxşı olacağına inanıram".

Mirbağırağa

Xəbər xətti