Qurban Qurbanov: "Bu gün gördük ki, səviyyə fərqi var"

01:28 - 27 Oktyabr 2023

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin üçüncü turunda səfərdə "Bayer"ə 1:5 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox yaxşı komandaya məğlub olduq. Rəqibi təbrik edirəm. Bu cür futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik. Futbolçularım çox əziyyət çəkdilər. Müdafiədə oturmaq istəmirdik. Boşluqlar verdik. "Bayer" topla çox yaxşı davranırdı. Bu gün gördük ki, səviyyə fərqi var. Nəticə göstərdi ki, onlar bizdən çox yuxarıdadır.

- Hesab səviyyə fərqinin göstəricisidir?

- Yox deməzdim. Bu gün 5 qol vurublarsa, bu, onların bacarığıdır. Problem bizdə deyildi, onlarda idi. "Bayer" çox yaxşı komandadır. Öz oyun sistemlərini yaxşı yerinə yetirirdilər.

- Növbəti turda "Molde" qələbə qazansa, xallar bərabərləşəcək. Cavab görüşündə "Bayer"dən xal almaq mümkündürmü?

- Dünən də bildirdim ki, alman komandaları heç bir oyuna arxayın çıxmırlar. Xabi Alonso istəyir ki, öz oyununu daha da yaxşılaşdırsın. Belə oyunlar onun üçün çox böyük şansdır. İnanmıram ki,onlar Bakıda meydana arxayın çıxsınlar.

- Azərbaycan klublarının bu cür rəqiblərlə oynaması üçün nə lazımdır?

- Məncə, bu gün bu, müzakirə mövzusu deyil. Özünüz çox gözəl bilirsiniz. Reallığa baxmalıyıq. Səviyyə fərqi elə-belə deyil. Bunu öz vətənimizdə müzakirə etsək, yaxşı olar.

- Julio Romaonun 90 dəqiqə meydanda qalmasının səbəbi nə idi?

- Səbəbi yoxdur. Futbolçular hansısa epizodda çatmırdılarsa, o demək deyil ki, zəif oynayırdılar. Rəqibin də bacarığını nəzərə almaq lazımdır. Romaonun belə oyunlarda meydanda olması lazımdır.

Elçin Əlixan

Xəbər xətti