"Qarabağ"ın məğlubiyyəti gözlənilməz olmadı" - MÜSAHİBƏ

15:18 - 29 Oktyabr 2023

“Qarabağ”ın sabiq futbolçusu Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"ın Avropa Liqasının üçüncü turunun "Bayer"lə görüşü haqda hansı fikirdəsən? Səncə, təmsilçimiz rəqibinə niyə 1:5 hesabı ilə uduzdu?

- Əlbəttə, “Qarabağ”ın “Bayer”ə uduzmasını istəməzdik. Amma onu da bilməliyik ki, bəlkə də onlar bu dəqiqə dünyada ən yaxşı formada olan, ən yaxşı oyun göstərən klubdur. Bunu Almaniya Bundesliqasında, Avropa Liqasında da görürük. Ona görə də, “Qarabağ”ın məğlubiyyəti gözlənilməz olmadı. Təmsilçimizin yaxşı nəticə ilə qayıtmasını istəyirdik. Lakin onu da bilirdik ki, rəqib çox güclüdür. Bu mənada, “Qarabağ”ın uduzması gözlənilməz deyildi. Səbəblər çox ola bilər. Əsas odur ki, səviyyə fərqi göründü. “Qarabağ” onlarla bacara bilməzdi. “Bayer”in çox yaxşı formada olması sonda gətirib bu cür hesaba çıxardı. “Qarabağ”ın uduzması gözlənilən idi.

- Almaniyadakı matçda uğurlu nəticə qazanmaq mümkün deyildi? 

- Bilirsiz, “Qarabağ”ın məğlubiyyətinə tək səbəb “Bayer”in Bundesliqada birinci yerdə getməsi deyildi. Onlar indi çox yaxşı formadadırlar. Bundesliqada birinci olmaları elə-belə deyil. “Bayer”in səviyyəsi göründü. 

- Həmin oyundakı uğursuzluq komandada inamsızlıq yaratmazki?

- Hər məğlubiyyət komandaya istər-istəməz psixoloji təsir edir. Amma inanmıram ki, “Bayer”ə məğlubiyyət “Qarabağ” futbolçularına ikiqat təsir etsin. Çünki rəqib çox güclüdür və “Qarabağ” da hansı rəqibə qarşı oynayıb, uduzduqlarını bilirlər. Bu mənada, “Qarabağ”da psixoloji cəhətdən böyük problem olmamalıdır. “Bayer” həqiqətən indiki vəziyyətdə çox güclüdür.

- Komandalar arasında növbəti görüş noyabrın 9-da paytaxtımızda keçiriləcək. Buradakı görüşdə "Qarabağ"ın qələbə qazanacağını ehtimal edirsən?

- Məğlubedilməz komanda yoxdur. “Qarabağ” evdə yaxşı oynaya bilər. İnanıram ki, “Bayer”ə qarşı yaxşı oyun nümayiş etdirəcək. Bakıda ən azından bir xal ala bilərlər. Yenə deyirəm, rəqib çox güclüdür, olduqca çətin keçəcək. Lakin “Qarabağ” evdə yaxşı oyun nümayiş etdirib, rəqibdən xal ala bilər. Nə qədər çətin olsa da, biz buna inanırıq.

- Leverkuzendəki məğlubiyyətə rəğmən "Qarabağ"ın qrupdan çıxmaq üçün yaxşı şansı var. Yəqin ki, bu şansı əldən verməzlər?

- “Qarabağ”ın qrupdan ikinci yerlə çıxmaq üçün yaxşı şansları var. Əvvəldən də demişdim ki, qrupun aşkar favoriti “Bayer”dir, qalan komandalar arasında ikincilik mübarizəsi gedəcək. “Qarabağ” qrupa yaxşı başlamışdı, iki oyuna altı xal əla idi. İndi də yaxşı şanslara sahibdir. İnanıram ki, “Qarabağ” şansı əldən verməyəcək. Məncə, elə ikinci yerlə növbəti mərhələyə çıxacaqlar. Komandaya uğurlar arzulayıram.

Mirbağırağa

Xəbər xətti