Qurban Qurbanov: "Çalışacağıq ki, mərhələ adlayaq"

17:28 - 8 Noyabr 2023

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun “Bayer”lə oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, Qurbanov sabah keçiriləcək görüşlə bağlı danışıb:

- Çox ciddi komandaya qarşı oynayırıq. İlk oyunda böyükhesablı məğlubiyyət olmasına baxmayaraq, futbolçularım ruhdan düşmədilər. Demək olar ki, oyuna heç də pis hazırlaşmamışıq. Sadəcə bu komandaya qarşı çox dinamik oynamalı və diqqətli olmalıyıq. Çünki hazırda Avropanın topla bacarıqlı davranan, dinamik, sürətli komandası ilə oynayacağıq. "Bayer"in çox yaxşı oyun fəlsəfəsi var. Rəqib oyun fəlsəfələrini düzgün icra edən oyunçulara sahibdir. "Bayer"lə tam tanış olduq. Futbolçulara rəqibi tanıtdıq, analiz etdik. Sabah öz doğma meydanımızda, azarkeşlərimizin qarşısında istəyirik ki, yaxşı, mübariz oyun göstərək. Futbolçularımın bunu bacaracağına şübhə etmirəm. Ən azından çalışcağıq ki, azarkeşlərimiz oyundan razı qalsınlar.

- Bu gün Zəfər Bayramıdır. Bu, sabah komandaya nə dərəcədə təsir edəcək?

- Mən də sizi təbrik edirəm. Bir az fərqli olaylardır. Futbolçularımızın istər-istəməz istəyi daha da çox olur. Bəzən elə amillər komandaya, futbolçulara əks təsir göstərir. Ona görə diqqətimiz rəqibdə olmalıdır. Çox aqressiv olsaq, bizə mane ola bilər. Biz rəqibə uyğun çalışıb öz oyunumuzu qurmalıyıq. Onların üstün cəhətlərinin qarşısını almağı düşünməliyik. Bugünkü əhval-ruhiyyəmizin sabaha təsir olmamasına çox istəyərdim.

- "Bayer" Bakıda məşqə çıxmayacaq.  Xabi Alonso da mətbuat konfransında iştirak etməyəcək. Bunu rəqibin arxayınlığlı kimi qiymətləndirmək olar?

- Yox, düşünməzdim. Sadəcə belə proqram tutublar. Belə hallar bəzən bizdə də olur. Çünki yolun uzanluğunu və sıx qrafiki nəzərə alıb belə addım atırlar. Hər halda, öz mətbuatlarına fikirlərini bildiriblər. Bu komandalar hamıya hörmətlə yanaşırlar. İnanmıram ki, belə düşüncələri olsun.

- Sabahkı oyuna komandanı necə hazırlamısız?

- Bizim düşüncəmiz öz oyunumuzu yaxşılaşdırmaqdır. Digər tərəfdən, rəqibin oyununu pozub, öz oyunumuzu oynamağa çalışırıq. Bu, hər dəfə alınmır. İlk oyundan sonra cavab görüşündə dəyişikliklər olur. Meydanda bundan istifadə edirik. Bəzən uğurlu, bəzən uğursuz olur. Oyunun gedişində dəyişikliyimiz, əlavə tapşırıqlarımız olacaq. Müəyyən dəyişikliklər etmişik. İnanıram ki, faydalı olar.

- Uzun illərdir ki, "Qarabağ" qrup mərhələsinə yaxşı başlasa da, ikinci dövrədə tonusdan düşür, davamını gətirə bilmir. Sizcə, bu mövsüm də keçənilki nəticənin təkrarlanmaması üçün nə etmək lazımdır?

- Keçən il qrupdan çıxdıq, amma Konfrans Liqası oldu. Bəlli oyunlar var ki, bəzən istədiyimiz alınır, bəzən alınmır. Bu, o demək deyil ki, ilk oyunlara yaxşı hazırlaşırıq, digərlərinə yox. Belə fikir, belə hazırlığımız yoxdur. Əgər şansımız varsa, ondan maksimum istifadə etməyə çalışırıq. Komandanın optimal formada olub-olmamasının zamanları var. Bu gün bütün komandaların şansı var. Çünki hələ qarşıda bir-birimizlə oyunlarımız olacaq. Keçənilki və builki işlərimizi analiz edirik. Çalışacağıq ki, mərhələ adlayaq. Nə dərəcədə alınacaq, zaman göstərəcək.

- Zədəlilərlə bağlı durum necədir?

- Hamı komandadadır. Sadəcə bəzi oyunçular 90 dəqiqə meydanda olmağa hazır deyil. Amma ciddi problem deyil.

Mirbağırağa

Xəbər xətti