"Milli komandamızın İsveçlə görüşdə xal qazanacağını ehtimal edirdim. Amma 3:0 hesablı qələbəni gözləmirdim. İsveçin iddiası olmasa da, kifayət qədər təcrübəli və yaxşı heyətə malikdir. Sadəcə, millimiz oyuna çox istəkli başladı, qol imkanlarından yaxşı istifadə etdi".
Bu sözləri Sportal.az saytına açıqlamasında Nadir Nəbiyev deyib. Azərbaycan milli komandasının keçmiş forvardı yığmanın AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçə qalib gəlməsini şərh edib. Nəbiyev, bu matçda Emin Mahmudovun vurduğu baxımlı qol haqda da danışıb:
"Millimizin son üç oyununu qeyd edərdim. Bundan öncə son ev oyunumuzda da ən azından bir xal almağa çox yaxın idik. İsveç millisi ilə oyunda komandamız layiq olduğu qələbəni qazandı. Emin Mahmudovun uzaq məsafədən vurduğu qol uzun müddət danışılacaq. Yaxşı oyuna gözəl sonluq qoydu".
Veteran futbolçu AVRO-2024-ün seçmə mərhələsinin qrup mərhələsinin son turundakı Belçika ilə görüşündən gözləntilərini də açıqlayıb: "Bəhlul Mustafazadənin yoxluğu ciddi itkidir. Ümid edirəm ki, uşaqlar onun yoxluğunu hiss etdirməz. Belçikaya qrup lideri olmaq üçün mütləq qələbə lazımdır. Çətin oyun olacaq. Son görüşlərdə olduğu qədər inamlı görünsək, xal alacağımıza ümid edə bilərik. Az da olsa, qrupda üçüncü yeri tutmaq imkanımız qalıb. İsveçi qabaqlayaraq üçüncü yeri tutmaq yaxşı nəticə olacaq. Belə olarsa, Canni De Byazini nə deyib, göndərmək olar, bax, onu bilmirəm".
Mirbağırağa