Per-Matias Hoqmo: "Qarabağ"la matçı səbrsizliklə gözləyirik"

19:10 - 13 Dekabr 2023

"Hekken" Avropa Liqası qrup mərhələsinin son turu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, İsveç təmsilçisinin baş məşqçisi Per-Matias Hoqmo matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün mövsümün sonuncu oyunudur. Mövsümə başlayarkən qarşımızda iki məqsəd var idi: kuboku qazanmaq və avrokubokların qrup mərhələsində iştirak etmək. Klubumuzun tarixinin ən yaxşı mövsümüdür. Kuboku qazandıq, Avropa Liqasının qrup mərhələsində iştirak etdik, 20 milyon avroya oyunçular satdıq, çempionatda üçüncü olduq. Oyuna gəldikdə isə "Qarabağ" xarakterli, yaxşı performans göstərən komandadır. Qrup mərhələsində çox yaxşı oyun göstərdilər, yaxşı oyunçuları var. İlk matçda onlara qarşı yaxşı oynadıq, bərabər oyun idi. Təəssüf ki, həmin oyunda nəticə qazana bilmədik. Sabahkı matçı səbrsizliklə gözləyirik, motivasiyalıyıq. Qrup mərhələsində ilk xalımızı və ya xallarımızı qazanmaq istəyirik.

- İsveç çempionatı bir aydır ki, bitib. Bu, sizə maneə yaradacaq?

- Bizim üçün ilk dəfədir ki, belə mövsüm keçir. Bu, öyrənmə prosesidir. Məşqlərimizi davam etdiririk.

- Qrupdan çıxmaq şansınız qalmayıb. Belə olan halda futbolçuları necə motivasiya edirsiniz?

- Bu suala kapitan cavab versin. Futbolçular özləri özlərini motivasiya edirlər. 

- Sabah Bakıda qarlı hava gözlənilir. Bu da İsveç iqliminə uyğundur. Sizə müsbət təsir edəcək?

- Bəli, İsveç havasıdır. Küləkli, yağışlı havada oynamağa öyrəşmişik. Onu da vurğulamaq istərdim ki, Bakıda olmaq xoşdur. Bura üçüncü dəfədir gəlirəm.

- İkinci yer üçün "Molde" və "Qarabağ"ın şansı var. Siz kimi dağa üstün görürsünüz?

- Oxşar komandalardır. Çünki, hər ikisinin avrokuboklarda təcrübəsi var. Növbəti mərhələyə kim keçsə, rəqabət apara biləcək.

Elçin Əlixan

Xəbər xətti