"Maraqlı oyun alındı. Matça hər iki komanda ciddi hazırlaşmışdıq. Üç xal hər iki komanda üçün vacibdir. Futbolçuları yeni ilə pozitiv başlamaq üçün bu oyunun vacibliyini çatdırdıq. Çətin olsa da, qalib gəldik. Yeni ildə bu qələbənin yaxşı təsir edəcəyini düşünürəm. Futbolçuları təbrik edirəm".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin köməkçi məşqçisi Sənan Qurbanov deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Kuboku fərqli klublarda qazanmısız. "Neftçi"də də bu baş verəcək?
- "Neftçi" böyük klubdur, brenddir. Kuboku qazansaq, klub və mənim üçün sevindirici olardı. Mən də komandaya kömək etməyə çalışıram. Baş məşqçimiz var, mən də kömək edirəm. Bunu yenə də burada qazansam, stimul olar.
- Görünən budur ki, yaydakı transferlər ümidləri doğrultmur. Yanvarda heyətdə ediləcək dəyişikliklər komplektləşib?
- Komandada hər zaman futbolçulara ehtiyac var. Rəqabət olsa, yaxşıdır. Hücum xəttində dişsizlik var. Qol imkanlarından yararlana bilmirik. Bu, bizi də narahat edir. Qışda "Neftçi"yə layiq oyunçu tapmaq çətindir. Axtarışlar var. Yaxşı oyunçu olarsa, komandaya cəlb edə bilərik.
- Texniki zonada futbolçular bu gün daha çox kimə qulaq asdı?
- Adrian Mutunun öz korpusu var. Onlarla burada tanış olduq. Alin-Nikola Çita ayaq üstə idi və danışan o idi. Artıq onların uçuş vaxtlarına az qaldığına görə konfransa mən çıxdım. Amma oyundan əvvəl də futbolçularla danışan Çita idi.
Mirbağırağa
saytlarin hazirlanmasi