"Bəlkə də, müqavilədə bənd olub ki, "Neftçi" qışa kimi birinci və ya ikinci olmasa, Mutu getməlidir" - MÜSAHİBƏ

11:34 - 25 Dekabr 2023

Azərbaycanda oynamış ən tanınmış rumıniyalı futbolçulardan olan Adrian Pit Sportal.az saytına müsahibə verib. "Roma" və "Xəzər Lənkəran"ın keçmiş müdafiəçisi həmyerlisi Adrian Mutunun “Neftçi”dən göndərilməsinə münasibət bildirib.

- "Neftçi” Adrian Mutu ilə yollarını ayırdı. Bu xəbər sənin üçün sürpriz, gözlənilməz oldu? 

- Bəli, bundan xəbərim var. Düzü, mənim üçün futbolda sürpriz yoxdur. Çünki futbolda bu gün sən baş məşqçisən, sabah isə olmaya bilərsən. Ona görə də heç nəyə təəccüblənmədim.

- Səncə, “Neftçi”nin rəhbərliyi Mutu ilə yollarını ayırmaqda tələsdi, yoxsa gecikmişdi? 

- Məncə, bu qərar daha əvvəl verilmişdi. Bəlkə də, müqavilə bağlayanda belə bənd var idi ki, “Neftçi” qışa qədər, yəni mövsümün birinci hissəsini 1-ci və ya 2-ci bitirməsələr, onsuz da Mutu tutduğu postdan getməlidir. 

- Mutu Azərbaycanda niyə uğurlu ola bilmədi?

- Yeni ölkədə tez bir zamanda uğur qazanmaq üçün sizə həm də bir az şans lazımdır. Bundan əvvəl komanda qurmaq lazımdır və oyunçuları seçməmisinizsə, onların sizin üçün mübarizə aparması bir az çətindir. “Neftçi” sezonun ilk yarısını üçüncü pillədə başa vrdu. Amma “Qarabağ” yenə çempion olacaq. Çünki onlar ən yaxşı ailədirlər. 

- "Neftçi”də uğurlu ola bilməməsi Mutuya maraq göstərən klubların ona inamını azaldacaq? 

- İnanmıram. Əminəm ki, çempionatın ikinci hissəsinə hazırlıq başlayana qədər Mutunun artıq yeni komandası olacaq. Ona təkliflər daim olur.

- Rumıniyada Mutunun ayrılığına reaksiya necə oldu? 

- Düzü, dünənə qədər bunu xəbərlərdə görməmişdik. Amma dediyim kimi, bu xəbərlər olandan sonra ona çoxlu klublar zəng edəcək, baş məşqçi postunu təklif edəcəklər. Onsuzda, onu istəyənlər az deyildi. 

- Mirça Rednik, Dorinel Muntyanu, Laurentsiu Regekampf və Adrian Mutu. Bunlar Azərbaycanda işləmiş rumıniyalı məşqçilərdir. Mutunun də ayrılmasından sonra demək olar ki, Azərbaycanda ən uğurlu olmuş baş məşqçi Rednik olaraq qaldı?

- Nəticələr bunu deyirsə, demək ki, belədir. Mirça Rednik ölkə kubokunu qazandı, çünki o vaxtı “Neftçi” çempionatda qalib olmalı idi. Təbii ki, zarafat edirəm. Həmin vaxtlar möhtəşəm idi.

Mirbağırağa
 

Xəbər xətti