Skandinaviya ölkələrində soyuq mühitdə futbolçular yetişir, bizdə isə o səviyyədə oyunçular yoxdur.
Bu sualın cavabını tapmaq üçün "Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevə müraciət etdik. Sportal.az saytına açıqlama verən 42 yaşlı mütəxəssis problemin səbəbləri haqda danışdı. Onun sözlərinə görə, aşağı yaş qruplarında çalışan məşqçilər uşaqları düzgün hazırlamalıdır:
"Artıq 7 ildir "Neftçi"dəyəm. U-19 və əvəzedici komandada çalışmışam. "Azərbaycanda futbolçu yoxdur" fikri ilə razı deyiləm. Düzdür, bizim dövrümüzdəki kimi deyil, amma yenə də var. Qollarını çırmalayıb onlarla işləmək lazımdır. O qədər rastlaşmışam ki, 19 yaşlı uşağa təməl-texnikanı öyrətmişəm. Demirəm ki, hamı işləmir. Aşağı yaş qruplarında daha çox təcrübəli, futbol oynamış, həvəsli olan, pulu fikirləşməyən adamlar işləməlidir. Yalnız aylıq maaşı düşünmək, uşaqları başlı-başına buraxmaq düzgün deyil.
Skandinaviya ölkələrində əvvəllər futbol olmayıb, orada əsasən xokkey görmüşük. Onlarda futbolçu yetişirsə, bizdə niyə yetişməsin ki... Düzdür, infrastruktur, meydançalar öz yerində. Bizdə uşaqlar süni meydançalarda oynayır, sonradan onları təbii ot olan meydançaya buraxırıq. Həmin vaxt çətinlik çəkirlər. Bu da bir problemdir. Aşağı yaş qruplarında işləyən məşqçilər uşaqları düzgün hazırlamalıdır. Mən artıq uşaqla təməl-texnikanı işləməli deyiləm. U-19 və ya əvəzedici komandanın futbolçuları ilə taktika üzərində işləməliyəm. Premyer Liqaya hazır futbolçular olmalıdır ki, onlarla böyük işlər görək. Əsas problemlərdən biri odur ki, uşaqlarla düzgün işləmək vacibdir. Bunu etmək lazımdır ki, yuxarıya doğru gedəndə məşqçilər əziyyət çəkməsin. Biz də hazırlayıb Premyer Liqaya futbolçu verməliyik. Mən 19 yaşlı uşağa 13-14 yaşlı uşaqların məşqlərini keçməməliyəm".
Elçin Əlixan
saytlarin hazirlanmasi