"Türkiyədəki karyeram oyun baxımından məni razı salır. Doğrudur, komandaya yeni gələndə çox da oynamırdım ki, bu da elə təzə olmağımla bağlı məsələ idi. Amma sonradan işlər müsbətə doğru dəyişdi, daha çox oynamağa başladım. İndiyə qədər bir qol vurmuşam. Lakin daha çoxu da mümkün idi".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Tuzlaspor"un müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib.
Azərbaycan milli komandasının da üzvü olan müdafiəçi məxsus olduğu klubdakı maliyyə durumundan da danışıb: "Bizim komandamızda çox yaxşı futbolçular oynayır. Sadəcə digər məsələlər var ki, axsamalar hiss edilir. Maddi vəziyyət futbolçuların oyununa təsir edir. Düzdür, maaşlarımızı ödəyirlər. Amma bu gecikmələrlə olur. Ümid edək ki, düzələcək".
Həsənalızadə, qışda komandasını dəyişmək ehtimalının da olduğunu deyib: "Təklif olsa, Azərbaycan Premyer Liqasına qayıtmaq haqda fikirləşəcəm. Amma düzü, "Tuzlaspor"a keçəndə karyerama ölkə xaricində davam etdirməyi planlaşdırırdım. Hər şey gələcək təkliflərdən asılıdır. Türkiyədən də təklif ola bilər, Azərbaycandan da. Bu məsələlər danışıqdan asılıdır. Necə olacağını yaxın zamanlarda görəcəyik".
Qeyd edək ki, 31 yaşlı futbolçunun "Tuzlaspor"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, buna qədər "Sumqayıt", "Zirə" və "Sabah" klublarının formasını geyinmişdi.
Mirbağırağa
saytlarin hazirlanmasi