Qurban Qurbanov: "Səhvlər həddindən artıq çox idi"

19:02 - 15 Yanvar 2024

"Qarabağ" bu gün hazırlıq matçında "Zirə"ni 4:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun necə keçdi? Bütün futbolçuları yoxlaya bildiz?

- Ümumən pis oyun alınmadı. Yaxşı hazırlıq matçı oldu. Əvvəlcədən Rəşad Sadıqovla razılaşmışdıq ki, dəqiqələrin sayı çox olsun və bütün futbolçulara şans verək. Səhvlər həddindən artıq çox idi. Çünki, ilk oyunumuz idi.

- Ölkə xaricində toplanış keçmədiz. Fərqli ölkələrin komandaları ilə yoxlama oyunu olmadı. Bunun təsiri necədir?

- Ölkə xaricində olsaydıq da, güclü rəqiblə bir oyunumuz olacaqdı. Digəri zəif rəqib ola bilərdi. Burada öz ikinci komandamızla oynayıb kompensasiya edə bildik. "Zirə" çox ciddi rəqib idi. Üstünlüyümüz onda idi ki, istədiyimiz formatda oynadıq. Bəlkə də ölkə xaricində olsaydıq, rəqib buna razı olmazdı. Hazırlıq üçün müddət az idi. Bizim futbolçulara istirahət daha çox lazım idi. Bu toplanışda güclü rəqiblərlə 2-3 oyun keçirmək ağır olardı. Hələ  tam özümüzə gəlməmişdik. Komanda 2-3 matçdan sonra öz oyununa qayıdacaq.

- Aleksey Kaşuk və Kadi Borgeslə maraqlandığınız xəbərləri doğrudur?

- Yazılar ola bilər. Amma belə bir şey olmayıb. Hərəsinin öz komandası var. 

- Mətbuatda yazılmayan maraqlandığınız başqa oyunçular var?

- Bəli. Danışıqlar gedən oyunçular da var. Bir az çətinlik çəkirik. Biz tərəfdən yox, qarşı tərəfdən. Yenə də danışıqları sona kimi davam etdirəcəyik.

- Mateus Silvanı mərkəz müdafiəçisi mövqeyində oynatdız. Kevin Medina hazır olmasa, "Braqa" ilə matçda bu mövqedə onu görə bilərik?

- Sınamaq olar. Amma Kevin yoxdur deyə "Braqa" ilə matça Mateusu hazırlamırıq. Bizim digər mərkəz müdafiəçilərimiz var. Sadəcə bəzən oyunçuları dəyişik mövqedə istifadə edirik. Çünki, rotasiyalara ehtiyac olur. 

Hücum xəttinə oyunçu axtarırsız?

- Bəli. 

- Aleksey İsayevin adaptasiyası necə gedir?

- Normal.

- Adama Diakabi Fransaya niyə getmişdi?

- Fransada istirahətdə idi. Komandanın üzvü olaraq qalır. 

- Futbolçularınızı icarəyə vermək planınız var?

- Hazırda yox 

- Adama Diakabi Avropa Liqası üçün sifariş olunacaq?

- Ola bilər. Hələ qarşıda vaxtımız var.

Mirbağırağa

Xəbər xətti