"Demək olmaz ki, Juninyo o vaxtkı Reynaldodan daha güclü futbolçudur"

12:56 - 5 Fevral 2024

Artıq 10 ildir ki, avrokuboklarda davamlı olaraq qruplarda oynayan "Qarabağ"ın futbolçularına xarici klublardan maraq çoxdur. Heyətin əksər üzvlərinə yaxşı təkliflər gəlib. Bu, Qurban Qurbanovun işini bir qədər çətinləşdirir. Çünki xarici klublardan sərfəli müqavilə təklifləri alan futbolçuları "Qarabağ"da saxlamaq asan olmur. Məsələnin xoş tərəfi isə ondadır ki, bu kluba gələn futbolçular buradan daha yaxşı yerlərə getmək imkanına malik olacaqlarını bilirlər. Bu məqam "Qarabağ"a səviyyəli futbolçuları gətirmək üçün əhəmiyyətli rol oynayır. 

"Qarabağ"ın transfer çalışmalarında uğurlu fəaliyyətinin incəliklərini bilmək üçün İlqar Qurbanova müraciət etdik. Bir vaxtlar "Qarabağ"da oynayan, indi isə AFFA-da skaut vəzifəsini tutan Qurbanov maraqlı məqamlara toxundu: 

"İlk növbədə onu deməliyəm ki, "Qarabağ"ın artıq Avropada tanınması və ciddi qəbul olunması çox əhəmiyyətli faktordur. Çünki "Qarabağ"da əvvəllər də yaxşı futbolçular çox olub. Demək olmaz ki, Juninyo o vaxtkı Reynaldodan daha güclü futbolçudur. Sadəcə "Qarabağ" komanda olaraq o vaxtlar bu qədər tanınmırdı. 

Klubun səmərəli skaut fəaliyyətinə gəlincə, "Qarabağ"da baş məşqçi Qurban Qurbanovla yanaşı, onun köməkçiləri də oyunçulara baxıb fikir bildirirlər - Elçin Rəhmanov, Çudomir Çakarov, Zaur Tağızadə, Müşfiq Hüseynov. Onlar hamısı futbolu yaxşı anlayan, bu işin incəliklərini bilən adamlardı. Bəlkə də, "Qarabağ"da nə vaxtsa skaut bölməsi də yaradılacaq. Lakin bu gün də baxırsan ki, bu işi yaxşı şəkildə görürlər. 

Məncə, "Qarabağ"ın uğurlu olmasının əsas səbəbi rəhbərlik, idarəçilər və baş məşqçi arasında düzgün münasibətlərin formalaşmasıdır. Hər kəs öz işiylə məşğuldur, nəticələr də göz qabağındadır". 

Elçin Əlixan

Xəbər xətti