Aftandil Hacıyev: "Barselona"nın kommersiya direktorunu Bakıya dəvət etmək fikrim var"

17:44 - 6 Fevral 2024

"Qarabağ"ın akademiyasının direktoru Aftandil Hacıyev ötən ay Türkiyənin Antalya şəhərində keçirilmiş  "Winter League Convention" forumunda iştirak edib.

Forumla bağlı fikirlərini öyrənmək üçün Aftandil bəylə əlaqə saxladıq. Sportal.az saytına danışan 42 yaşlı mütəxəssis tədbirdə spiker kimi çıxış etdiyini bildirdi:

"Forum müxtəlif mövzuları əhatə edirdi. "Qarabağ"a dəvət AFFA-dan gəlmişdi. Orada bir çox klubların nümayəndələri iştirak edirdi. Hər kəsin spiker kimi öz saatları var idi. Məni "Talantları yetişdirib böyük futbola necə bəxş etmək" olar mövzusunda spiker kimi dəvət etmişdilər. Bundan başqa mövzular ətrafında da müzakirələr oldu. Seminar 10-13 yanvar tarixləri arasında davam etdi. Dünyanın bir çox ölkələrindən məşhur nümayəndələr iştirak edirdi. Bəziləri koronavirusa yoluxduğu üçün qatıla bilmədi. UEFA-dan Yon Lopesku, "Olimpiakos"un idman direktoru Kristian Karambö, "Hall Siti"nin vitse-prezidenti və başqa nümayəndələr forumda iştirak edirdi".

Aftandil Hacıyev forumda "Barselona"nın kommersiya direktoru Hordi Karakatusla tanış olduğunu və onu Azərbaycanda dəvət etmək fikrinin olduğunu söylədi:

"Barselona"nın kommersiya direktoru Hordi Karakatus da orada idi. O, daha əvvəl 6 il klubun akademiyasının direktoru olub. Bir müddət əvvəl Sofiya "Slaviya"sında baş məşqçinin köməkçisi kimi çalışıb. Ondan da əvvəl "Dnepr" akademiyasının rəhbəri olub. Həmin zaman Mixaylo Mudrik bu akademiyada yetişib. Hordi ilə bir saata yaxın görüşümüz oldu. Onun üçün "Qarabağ" haqda məlumatlar maraqlı idi. Hətta Bakıya gəlmək, burada görüşlər keçirmək istəyir. Mən də ondan özüm üçün "Barselona" haqda məlumatlar topladım. Həm məşq prosesləri, həm fəlsəfələri haqda danışdıq. Dəyişən bir şey yoxdur, bildiyimiz "Barselona"dır. Klubun bir fəlsəfəsi var və ona sadiq qalırlar. Görüşümüz səmərəli keçdi. Gələcəkdə mənim Barselonaya getməyim, onu bura dəvət etmək kimi fikir var. Nə vaxt olacağını bilmirəm. Çalışırıq ki, ikimizə də uyğun vaxt olsun. "Barselona"nın akademiyasına digər ölkələrdən gələn məşqçilərin təşkilatçılığını Hordi edir. Bu yaxınlarda "Astana"nın məşqçiləri orada olublar. Maraqlı persona idi. Gələcəkdə hər hansı əməkdaşlıq etmək barədə düşünəcəyik. 

Forum da maraqlı keçdi. Belə forumlar tez-tez keçirilir. Bu dəfə Antalyada idi. Gələcəkdə Avropanın başqa ölkəsində də ola bilər. Skautlar haqda mövzular var idi, onlar danışırdı. İdman direktorları var idi. Forumda ümumi mövzular ətrafında 3 gün əhatəli söhbətlər oldu. Orada bir neçə nəfərlə tanış oldum. Əlaqələr yaranır, amma bundan gərək yaxşı istifadə edə biləsən".

Elçin Əlixan


Xəbər xətti