"Portuqaliya, İspaniya və digər ölkələrdən olan agentlər "Qarabağ"ın matçını izləyirdi"

18:38 - 16 Fevral 2024

"Qarabağ"ın Avropa Liqası pley-off mərhələsinin səfərdə "Braqa" ilə oyununu izləyənlər arasında futbol agenti Vaqif Heydərli də olub. Vaqif bəylə əlaqə saxlayıb Portuqaliya səfərinin məqsədi haqda məlumat öyrəndik.

Sportal.az saytına açıqlama verən futbol agenti Portuqaliyaya mütəmadi olaraq səfər etdiyini bildirdi. Onun sözlərinə görə, qarşılaşmanı bir neçə ölkədən olan skautlar da izləyib. Xarici agentlərin baxdıqları oyunçular arasında "Qarabağ"ın da üzvləri olub:

"Qarabağ"ın oyununda idim. Hələ bir neçə gün də burada qalmağı planlaşdırıram. Hər zaman mövsüm ərzində Portuqaliyaya 3-4 səfərim olur. Bu da onlardan biridir. "Qarabağ"ın oyununu izlədim. Lissabon, Portu ətrafında həm əsas liqa, həm də aşağı liqanın oyunlarına baxacam. Bu, mənim üçün davamlı hal alıb, tez-tez gəlib matçları izləyirəm.

"Qarabağ"ın oyununda agentlər çox idi. Portuqaliya, İspaniya və digər ölkələrdən olan agentlər matçı izləyirdi. Həm "Braqa"nın, həm də "Qarabağ"ın oyunçularına baxırdılar. Bu proseslər uzun müddət davam edir. Bir oyuna görə futbolçu haqda qərar vermirlər. Ola bilər ki, əvvəldən də hansısa oyunçuları izləyiblər. Münasibətimiz olmayan skautlar çox ətraflı məlumat vermirlər. Hansısa futbolçu haqda bildiklərimi də deməyim düzgün deyil. Bu, oyunçuya, klubun strategiyasına ziyan vura bilər. Amma deyə bilərəm ki, yaxşı liqalar, klublar üçün "Qarabağ"ın futbolçularına da baxırdılar. Nə dərəcədə real və ciddi olacağını zaman göstərəcək".

Elçin Əlixan

Xəbər xətti