"Qarabağ" 1/8 finala yüksəlməyə daha çox layiq idi"

12:12 - 28 Fevral 2024

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib.

Sportal.az xəbər verir ki, "championat" nəşrinə danışan 32 yaşlı qolkiper Avropa liqasının "Braqa" ilə matçları barədə danışıb:

"Əla atmosfer, dolu stadion və yaxşı dəstək var idi. Ola bilsin ki, buna görə əlavə hissələrə gücümüz çatdı və iki dəfə fərqlənə bildik. Bu, azarkeşlərin sayəsindədir. 120+2-ci dəqiqədə vurulan qol fantastik idi. Təcrübəli müdafiəçi olan kapitanımız boş olan oyunçunu gördü. İlk görüşdə 100 faizli şansı dəyərləndirməyən gənc futbolçumuz bizə növbəti mərhələyə vəsiqə qazandırdı.

Bir oyunçunu itirmək, iki qol buraxmaq xoşagəlməz idi. Amma yenə də inanırdım. İki qarşılaşmanın gedişində oyun baxımından daha güclü idik. Mənə elə gəlir ki, “Qarabağ” 1/8 finala yüksəlməyə daha çox layiq idi. Paltardəyişmə otağında müsbət emosiyalar, sevinc var idi, bayram ab-havası yaşanırdı. Müxtəlif insanlar içəri girdi. Amma şəxsən mən fiziki və emosional olaraq çox yorğun idim. Ona görə də emosiyalarımda daha təmkinli idim.

Məncə, Bakı səs-küylü idi. Çölə çıxmadığım üçün görmədim. Gec olduğu üçün dərhal evə getdim. Amma metronun yaxınlığında, stadionun ətrafında baş verənlərlə bağlı bəzi videolar diqqətimi cəlb etdi. Azarkeşlər sevindi. Onlar buna layiq idilər.

Deməzdim ki, biz Avropa yarışlarında daha çox müdafiə olunuruq. "Braqa" ilə cavab matçı sadəcə təsadüf idi, çünki komanda yoldaşımız qırmızı vərəqə gördü. Bundan əvvəl də çoxlu qol imkanları yaratmışdıq. Aydın məsələdir ki, Avropada rəqiblər çempionatdan fərqli səviyyədədir. Təzyiq var, azarkeşlər amili, bütün bunlar oyunda iz qoyur. Təbii ki, fərq var, amma biz həm çempionatda, həm də avrokuboklarda öz futbolumuzu oynamağa çalışırıq. Qlobal miqyasda oyunumuz fərqli deyil.

Yenidən "Bayer"lə oynamağımız bir tərəfdən xoşdur. Digər tərəfdən, bu, başqa mərhələdə baş versəydi, daha yaxşı olardı. Amma bəzi üstünlüklər var ki. Onlarla iki oyun keçirmişik, tanıdığımız komandadır. Onların necə oynaması, onlara qarşı necə oynaya biləcəyimiz, güclü və zəif tərəflərinin nə olduğu barədə anlayışımız var. Bu futboldur. İstənilən rəqiblə oynaya bilərsiniz və oynamalısınız".

Xəbər xətti