"Mən demirəm, hamı deyir ki, finalda "Zirə" və "Birbaşa Bakı" oynasa, daha maraqlı olar" - MÜSAHİBƏ

13:34 - 28 Mart 2024

Minifutbol üzrə Azərbaycan milli komandasının və “Zirə” minifutbol klubunun kapitanı Seymur Məmmədov Sportal.az saytına müsahibə verib.

- "Zirə" 15 oyunda da qələbə qazanmağı bacardı. Artıq komanda pley-off mərhələsində mübarizə aparacaq. Bura qədər hər şey istədiyiniz kimi keçdi?

- Mövsüm bizim üçün əla keçdi. Məşqçilərimizin verdiyi tapşırıqlar 100 faiz yerinə yetirilib. Nəticələr də onu göstərir. Pley-off matçlarına hazırlaşacağıq. Düzdür, indiyə qədər məğlubiyyətimiz olmayıb. Orada hər şey baş verə bilər. Baxmayaraq, liderik, hər şey mümkündür.

- Son turlara yaxın qarşınıza məqsəd qoymuşdunuz ki, 15 oyunun hamısında qalib gəlməlisiz?

- Sona yaxın yox, mövsüm başlayanda da qarşımıza məqsəd qoymuşduq ki, bütün oyunlarda qalib gələk. Şadıq ki, pley-off matçlarına qədər belə alındı. Bundan sonra da qələbələrə davam etmək niyyətindəyik.

- Ötən mövsümlə “Zirə” güclü idi, yoxsa bu mövsümkü?

- Komandadan gedənlər də zəif oyunçular deyildi, hamısı güclü idi. Sadəcə komandaya uyğunlaşıb-uyğunlaşmayan oyunçular var oldu. Keçən il də finalda oynamışdıq. Bu mövsümkü məqsədimiz də ən azından finala çıxmaqdır. 

- Ötən mövsümkü "Zirə" - "Birbaşa Bakı" finalı təkrarlana bilər? Onlarla finala qədər qarşılaşmaq istəyərdiz, yoxsa elə həlledici görüşdə?

- Bizim məqsədimiz bütün oyunları qələbə ilə başa vurmaqdır. Bütün matçlara da bunun üçün çıxacağıq. Digər komandalar “Zirə” ilə oyuna tamam fərqli motivasiya ilə çıxırlar. Ən azından millinin üzvləri var, hamı nəsə sübut etmək istəyir. Rəqiblər bizimlə görüşə 2-3 qat motivasiya ilə çıxır. “Birbaşa Bakı”da da millimizin üzvləri var. Mən demirəm, hamı deyir ki, bu iki komanda final oynasa, daha maraqlı olar. Amma pley-off mərhələsində "Real Bakı" və digər güclü komandalar var. 

- Ötən mövsüm "Zirə" Çempionlar Liqasında oynadı və üçüncü yeri tutdu. Klub səviyyəsində də minifutbolda çempion olmaq nə dərəcədə realdır?

- Azərbaycan çempionatında mübarizə aparan komandalar avrokuboklarda normal nəticə verə bilər. Biz ilk dəfə qatılırdıq, start istədiyimiz kimi olmadı. Amma sonda üçüncü yeri tutduq. Halbuki, ilk ildəcə Çempionlar Liqasında final oynaya bilərdik. Qismət.

- Qarşıda milli komandamızı Avropa çempionatı gözləyir. Necə düşünürsən, yenə də çempionluq mümkündür?

- Hazırda Avropa çempionuyuq. Bu adı qorumaq istəyirik. Bu ayın sonundan hazırlaşmağa başlayacağıq. Millini hər zaman düşünürük. Sadəcə indi gücü çempionata vermişdik. Milli hazırlıqları başlayanda, ən yaxşı şəkildə hazırlaşmağa çalışacağıq. Maksimumu vermək istəyirik. Çünki Azərbaycan xalqı bizdən nəticə gözləyir. Bilirlər ki, minifutbol nədir. Ona görə işimiz bir az da yaxşı mənada ağırlaşır.

Mirbağırağa
 

Xəbər xətti