Bolqarıstan millisinin üzvü Viktor Popov Bakıda keçirilən "FİFA series" mini-turnirin nəticələrindən danışarkən Azərbaycan yığması ilə oyuna (1:1) də toxunub.
Sportal.az xəbər verir ki, “Gong.bg” portalına açıqlama verən müdafiəçi milli komandamızın heyətinin güclü olduğunu xatırlayıb:
"Təəssüf ki, Azərbaycanı məğlub edə bilmədik. Çünki hesabı açdıqdan sonra qol imkanlarımız çox idi. Amma Azərbaycanın da şansları az deyildi. Əvvəllər Azərbaycan kimi komandalara rast gəlməmişik. Düşünürəm ki, bu turnir bizim üçün çox faydalı olacaq. Bolqarıstanda əsas və böyük problemlərdən biri bilirsiz nədir? Bizdə kiçik yığmalar lazımınca qiymətləndirilmir. Halbuki, onların heyətinə nəzər salanda, görürsən ki, onlar kifayət qədər layiqli klublarda oynayırlar. Azərbaycan yığmasının heyətində də yaxşı klublarda oynayan futbolçular az deyildi".
Qeyd edək ki, Azərbaycan - Bolqarıstan görüşü 1:1 hesabı ilə başa çatmışdı. Millimiz ondan öncə isə Monqolustanu 1:0 məğlub etmişdi.