Qurban Qurbanov: "İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti postu təklif edilsin"

22:32 - 29 Mart 2024

"Adil Şükürova və komandasına uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Bunu bacardılar. Həqiqətən belə uğurlar, belə çempionluqlar futbolçuları daha da peşəkarlaşdırır, məsuliyyət qazandırır. Şadam ki, bu kollektivlə yenə Azərbaycan çempionu olduq. Rəhbərliyimizi, kollektivimizi təbrik edirəm".

Sportal.az xəbər verir ki, bu sözləri Qurban Qurbanov deyib. "Qarabağ"ın baş məşqçisi Premyer Liqanın 28-ci turunun "Kəpəz"lə görüşündən sonra mətbuat konfansında jurnalistlərin suallarını cavablandırıb.

- Bu klubda sonrakı hədəfiniz nədir?

Bizim işimiz elədir ki, daim uğurun getməliyik, komandanı uğura hazırlamalıyıq. Əgər biz mövsümboyu daha yaxşı olmalıyıqsa, mütləq hansısa uğur əldə etməli, onu yeniləmək üçün formul düşünməliyik. Baxmayaraq ki, bizim kimi ölkələrdə bu cür uğur nadir hallarda olur. Bəlkə də,  10 il ərzində bir dəfə yaşanır. Hətta biz bunu böyük klubların nəticələrində də şahid olmuşuq. Məsələn, bir il Çempionlar Liqasını qazanan klub, sonrakı 2-3 il ərzində onu təkrarlaya bilmir. Futbolda dəyişikliklər tez-tez olur. Ölkə çempionatına gəldikdə, nə qədər gücümüz var, onu qoruyub-saxlamağa çalışırıq. Daha da məsuliyyətli olmaq istəyirik.

- Milli komandanın baş məşqçi postu sizə təklif olunarsa, hansı cavabı verəcəksiz?

Bəli, İcraiyyə Komitəsinə namizədliyim verilib. Milli komandanın baş məşqçi postu üçün heç bir danışığımız olmayıb. Əvvəllər də mənə bu suallar verilib. Təklif olsaydı, müzakirəsi mümkün idi. Amma hamımızın da bildiyi və eşitdiyimiz qədər deyəsən, baş məşqçi xarici olmalıdır. Bəlkə də, bir ay əvvəl belə fikir var idi. Əfsuslar olsun ki, məsələ haqda bir fikir bildirə bilməyəcəm.

 - Vaxtından əvvəl çempion olmaq məsuliyyəti daha da artırır. Kollektivi qarşıdakı matçlara necə hazırlayacaqsız?

Tam ciddi, tam məsuliyyətlə yanaşacağıq. Sadəcə, bəzi futbolçulara istirahət etmək üçün şərait yaradacağıq. 3-5 gündən söhbət gedir. Milliyə gedən oyunçular oldu. Fasilə zamanı bizimlə olanlara 5 gün istirahət verdik. Bunun faydası da çox oldu. Çünki ehtiyac var idi. Lakin milliyə yollananlar oyunlarda da iştirak etdi. Həmin oyunçulara şərait yaradacağıq ki, bu arada istirahət üçün vaxtları olsun. Mövsüm başa çatdıqdan sonra səhv etmirəmsə, yenə də millimizin bir oyunu var. Onların vaxtı olmayacaq ki, istirahət etsinlər və ÇL üçün hazır vəziyyətdə olsunlar. Amma bu o demək deyil ki, heyəti buraxmayacağıq, bütün görüşlərə ciddi yanaşacağıq. İnanıram ki, hiss edilməyəcək. Hərəsinə bir formada istirahət üçün şərait yaradacağıq.

- Yassin Benzianın durumu nə yerdədir?

Zədəsi tam ciddi deyil. Sabahdan komanda ilə məşqlərə başlamalıdır. Həkimlərin dediyinə görə, ciddi problem yoxdur.

- Çempionluqdan sonra paltardəyişmə otağında futbolçularla nə danışdız?

Onları sadəcə təbrik etdim. Xoş sözlər bildirdim. Onlara görə çox sevinirəm. Çünki yeni çempion olan futbolçularımız var idi. Çempionluğun sayını artıran futbolçular da oldu. Təbrik etdim.  

- Bu heyəti qorumağa çalışacaqsız?

Bəli. Heyəti qoruyub-saxlamağa çalışırıq. Amma bu çətindir. Çalışacağıq ki, futbolçularımızı maksimum dərəcədə qoruyub-saxlayaq. Bu komandanın potensialı var. Futbolçular daha yaxşı olmaq üçün potensiala sahibdirlər. Onların ustalıq səviyyəsini artırmağa çalışacağıq. Amma bəzən biz düşünmədiyimiz təkliflər olub. Ona görə də, bəzən futbolçularımızı saxlaya bilməmişik. Amma bizdən asılı olan nə varsa, maksimumu edəcəyik ki, bu kollektiv və bizə lazım olanların hamısı qalsın.

- AFFA-nın vitse-prezidenti postu boşdur. Təklif gələrsə, münasibətiniz necə olar?

İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti postu təklif edilsin. Mənim missiyam, qarşıma qoyduğum məqsəd məşqçi kimi davam etməkdir. Çünki hazırda "Qarabağ"dayam. Bu kollektivlə, rəhbərliklə işləmək mənim üçün xoşdur. İşimiz burdadır. Müzakirə olunmayan mövzu haqda fikir bildirmək....Olsaydı, belə edərdim, onu edərdim. Belə məsələləri xoşlamıram. Bəli, İcraiyyə Komitəsinə namizədliyim verilib. Amma hələ təsdiq olunmayıb. Tam əmin olduqdan sonra insan fikirlərini tam inamlı şəkildə bildirir.

- "Qarabağ"ın yerli futbolçuları son vaxtlar intizamsızlığı ilə seçilir. Elvin Cəfərquliyev və Nəriman Axundzadənin adını çəkmək olar. Bununla bağlı münasibətiniz necədir?

Futbolçularımın intizamsızlığı, onlar haqda fikirlər bildirilməsi ən xoşlamadığım mövzudur. Mənim üçün xoş deyil. Futbol aqressiv oyundur. Bəzən düşünmədiyin epizodlar, nəticələr olanda, xoşagəlməz hallar baş verir. Futbolçularıma dəfələrlə bildirmişəm və ən çox tələbim də budur ki, nə olursa-olsun, futbolçu özünü intizamlı aparmağı bacarmalıdır. Buna da məcburdurlar. Çünki futbol kollektiv oyundur. Bir yola çıxmışıqsa, sona qədər birlikdə qalmalıyıq. Bəzən düşünmədiyin, olmayan qırmızı vərəqə göstəriləndə, futbolçu özünü idarə edə bilmir. Bəli, Elvində aqressivlik, cığallıq var. Belə epizodlar, hallar qarşıdakı 3-4 ildə özünü yığışdırmağa kömək olur, faydası görünür. Elvin "Qarabağ"da da, millidə də özünü daha diqqətli aparmalıdır. İstər-istəməz o yaş dövründə, hardasa yolunu azmaq olur. Çalışacağıq ki, bir daha belə hallar olmasın. Nərimana gəldikdə, yazırlar ki, hansısa jurnalistlə diskussiyası düzgün alınmayıb. Nəriman elə uşaqdır ki, ondan kəlbətinlə söz çıxarmaq olur. Əgər o da belə hərəkət edibsə, demək ki, böyük səhv edib. Detalları bilmirəm, necə olub. Bəzən elə olub ki, baxmışam, amma görməmişəm və ona diqqət ayırmamışam. Sonda belə xəbər gəlib çıxıb ki, "Qurban müəllim diqqət ayırmadı". Belə hallar olur. Amma bu o demək deyil ki, kiməsə diqqətsizlik və hörmətsizlik etmişik. Futbolçuların hamısı səhv edə bilər. Sadəcə təkrarlamamaq lazımdır. Əgər belə səhvlər olubsa, bir daha eləməzlər.

- İcraiyyə Komitəsində yer alacaq 13 nəfərdən keçmişdə futbolçu iki nəfər var: Səməd Qurbanov və siz. Düşünmürsüz ki, qərar qəbullarında yük sizə düşəcək? Hansısa təkliflər hazırlamısız?

Formatdan məlumatsızam. Bəli, siyahıda mən və Səməd müəllimdir əvvəl futbolçu olan. Amma siyahıda futbol funksionerləri də var. Məncə, düşünülmüş addımlar atılıb. Yəqin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən, ya başqa qurumlardan açıqlama veriləcək ki, məqsəd nədir. Ola bilər, futbolun, aşağı yaş qruplarının inkişafı üçün, uşaqların futbola daha çox maraqı olması üçün bu qərarlar veriblər. Mən hələ ki, heç bir təklif hazırlamamışam. Çünki formatı hələ bilmirəm. Ümumiyyətlə, futbolun inkişafı üçün hansı addımlar atılacaq, struktur necə qurulacaq, xəbərsizəm. Formatı biləndən sonra gedişatda müzakirələr olacaq və öz təkliflərimi irəli sürəcəm, düşüncələrimi bildirəcəm. Amma bu mövzu haqda fikir bildirmək tezdir. Tam təsdiqlənsin, hamı öz yerində otursun, müzakirələr getsin, hamı maraqlanasın, sonra ətraflı məlumat vermək uyğundur. Ola bilər ki, indi hansısa ifadə işlədərik, yalnış olar.

- Gürcüstan millisinin Avropa çempionatına vəsiqə qazanmasından sonra həmin ölkənin futbol federasiyasında daha çox sabiq futbolçuların yer alması məsələsi müzakirə edilir. Sizcə, həqiqətən federasiyada sabiq futbolçuların yer alması önəmlidir? 

- Mən həmişə o rəhbər vəzifələrindən uzaq olmuşam. Futbol oynamış, futbolun içində daha çox təcrübəsi olmuş insanların qurumlarda çox olmasının tərəfdarıyam. Gələcəkdə necə olacağını bilmirəm. Yeni rəhbərlik qurulur, yeni rəhbərlik gəlir. Gələcəkdə hansı vəzifədə kimlər olacaq, bilmirəm. Amma ümumən, əlbəttə ki, bəzi sabiq futbolçuların, futbol mütəxəssislərin federasiyada olmasından yanayam, onların təcrübəsindən faydalanmağın tərəfdarıyam.

Mirbağırağa

Xəbər xətti