"Səbail"ə qarşı matç çətin alındı. Hər iki komandanın da qol vurmaq üçün bir neçə imkanları var idi. Mənim də qol epizodum oldu. Sadəcə olaraq, sonluğu dəqiq gətirə bilmədik, son nöqtəni qoymağı bacarmadıq. Epizodlardan birini reallaşdırsaydıq, qalib gələcəkdik. Hər halda, səfərdə bir xal da pis nəticə deyil. Təəssüf ki, bu həftə qalib gələ bilmədik. Növbəti matçda qələbə qazanmağa çalışacağıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un braziliyalı hücumçusu Aleks Souza deyib. 23 yaşlı hücumçu komandasının Premyer Liqanın 28-ci turunun “Səbail”lə (1:1) görüşünü şərh edib. "Turan Tovuz"a penalti qazandıran Souza həmin anları belə xatırlayıb:
"Topa yaxın oldum və mənə qarşı kobudluğa görə penalti təyin edildi. Birinci epizodda təbii ki, açıq-aşkar penalti var idi. İkinci penalti epizodu da oldu. Məncə, orada da eyni qərarı təkrarlamaq mümkün idi".
Braziliyalı legioner komandasının turnir cədvəlindəki mövqeyi haqda da danışıb. Bununla yanaşı, "Qarabağ"ı çempionluq münasibətilə təbrik edib: "Komandamız hazırda 7-ci pillədədir. Biz yaxşı komandayıq və 3-cü və 4-cü pilləyə qədər yüksəlmək imkanına sahibik. Bu imkanı özümüzdə görürəm. Növbəti matçımızı "Sabah"a qarşı keçirəcəyik. Həftə ərzində məşq edəcəyik ki, qələbə qazanaq. "Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Qalan 8 tur bizim üçün isə final ab-havasında keçəcək. Hər gün dayanmadan işləyirik ki, mövsümün sonunda istədiyimiz yerlərdə olaq".
Mirbağırağa