Barış Şimşek bu olayı araşdırmalıdır - ciddi səbəb olmadan ara qarışacaqdı

17:42 - 31 Mart 2024

Dünən keçirilən "Səbail" - "Turan Tovuz" (1:1) oyununda nəticəyə təsir edən hakim səhvi olmasa da, görüşün 5-ci dəqiqəsində az qala ara qarışacaqdı. "Səbail" hücuma çıxarkən açıq-aşkar oyundankənar vəziyyətdə yaxalandı. Yan xətt hakimi elə hücumun ilk fazasında bayrağını qaldırdı. Elə buna görə də, qəribə vəziyyət yarandı. "Turan Tovuz"un futbolçuları dayandı, "Səbail" qol vurdu. 

Əslində, belə epizodlarda yan xətt hakimi bayrağı qaldırmağa tələsməməli, hücumun bitməsini gözləməlidir. Yalnız tam əminlik olanda, ofsayd bayrağını qaldırmağa icazə verilir. "Səbail"in vurduğu qolun təkrarına baxanda, yan xətt hakiminin tamamilə haqlı olduğu üzə çıxdı, həqiqətən də adi gözlə də rahat görünən ofsayd var idi. 

Lakin VAR-ın müdaxiləsi və adi bir epizodda 2 dəqiqəlik fasilənin yaranması yersiz canlanma yaratdı. "Turan Tovuz"un futbolçuları baş hakim Rəvan Həmzəzadənin üzərinə şığıyıb etiraz etdilər. Yan xətt hakimi bayrağı qaldırdığına görə dayandıqlarını bildirdilər, hətta ofsayd olmayacağı təqdirdə qolun hesaba alınmağına qarşı çıxacaqlarını dedilər. 

Emosiyaların get-gedə coşduğunu görən VAR-dakı yoldaşlar qərarı yubatmadan, baş hakimin qulağına oyuna davam etməli olduğunu deməli idilər. Şəkli lap 5 dəqiqə sonra da efirə vermək olardı. Əsas odur ki, ofsayd adi gözlə də görünəcək qədər dəqiq verilmiş qərar idi. 

Burada sual yaranır ki, adi bir epizodda belə halın yaşanması təsadüfdürmü... Barış Şimşek bu olayı mütləq araşdırmalıdır. 

Həmid

Xəbər xətti