"Sumqayıt"ın məşqçisi: "Cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur"

20:50 - 31 Mart 2024

"İlk hissə tam bizim üstünlüyümüzlə keçdi. Demək olar ki, meydanda bir komanda var idi. Epizodlarımız çox oldu, onlardan istifadə etsəydik, hesab daha böyük olardı. Belədə, ikinci hissəni daha rahat oynamaq mümkün idi. Amma vurmadıq deyə, bir az gərginlik yarandı. Futbolçularda yorğunluq hiss olunurdu, oruc tutanlar çoxdur. Oyunun vaxtı da oruc tutanlar üçün əlverişsiz idi. Demək olar ki, su içib davam etdilər. Yorğunçuluq fonunda keyfiyyət də aşağı düşdü. Oyun bizim üstünlüyümüz şəraitində keçdi, haqlı qələbə qazandıq.  Vacib qələbə idi. Davam edirik. Son mərhələyə girmişik. Artıq bütün oyunlar vacibdir. Bundan sonra hər komanda ilə bir oyun qalıb. Hər görüşə qələbə üçün çıxacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Mübariz Orucov Premyer Liqanın 28-ci turunun "Araz-Naxçıvan"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Sizdən əvvəl digər rəqibləriniz oynamışdı və hansı nəticənin sizi hansı pilləyə yüksəldə biləcəyini bilirdiniz. Bu sizdə əlavə təzyiq yaratmışdı?

Bilirik ki, belə şeylər futbolçularda təzyiq yarada bilər. Ona görə Samir Abasov çalışır ki, uşaqlara rahatçılıq versin. Uşaqlardan mütləq yer tutmalıyıq kimi tələbəimiz də yoxdur. Futbolçulara deyirik ki, meydanda gözəl futbol göstərin, oyunumuzu inkişaf etdirək. Çalışırıq ki, təzyiqi futbolçulardan uzaqlaşdıraq. Nə qədər bacarırıq, bilmirəm.

- Penalti epizodunu izləmisiz?

Vallah izləməmişəm. Amma eşitdim ki, narazılıqlar var.

- Sosial şəbəkələrdə də müzakirə edilir və idman ictimaiyyəti də haqsız penalti olduğunu düşünür...

Epizodu tam görməmişəm. Haqsızlığı nədə görürlər? Epizod itsə belə, top meydandadırsa, təmas olubsa penalti verilməlidir. Qapıçı topu əlinə götürüb, amma rəqibini vurur. Bu nədir? Penalti. Əgər cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur. 

- Hakim idarəçiliyindən razı qaldız?

Baxıram ki, elə rəqib də narazı idi, biz də. Olur da, hakimlər də səhv edir. Bizim özümüz də bir neçə dəfə haqsızlıqla qarşılaşdıq. Deyim ki, hakim bərbad idi, xeyr.

- "Sumqayıt" üçün baxımlı oyun vacibdir, yoxsa üç xal?

Əlbəttə ki, bu dəqiqə ən vacibi üç xaldır. Ancaq yaxşı oyunla üç xal daha ləzzətli olur. Düzü, elə mərhələdir ki, bu dəqiqə üç xalı istəyərdik.

- Avrokuboklara vəsiqə qazansanız, komanda bu oyunla orada nə edə bilər?

Avrokuboklara vəsiqə qazansaq, yəqin ki, komanda güclənməlidir. O yöndə də işlər görüləcək. Düzdü, qışda transfer edə bilmədik. Transfer etməməyimizin səbəbi sırf maliyyə ilə də bağlı deyil. Maliyyəmiz yüksək deyil ki, yaxşı oyunçular götürək. Sadəcə, qışda yaxşı futbolçu tapmaq çətindir. Yaxşı oyunçular klubla müqaviləsi olur. Belədə, həm özünə, həm də klubuna pul ödəməlisə. Azad agent statusunda olanlar da bizim xoşumuza gəlmədi.  Transfer xətrinə oyunçu götürmək istəmədik. Yayda avrokuboklara düşsək də, düşməsək də güclənmək istəyirik. Komanda ildən-ilə ələnməlidir. Yaxşı oyunçularla yolumuza davam edəcəyik.

Mirbağırağa

Xəbər xətti