Azərbaycan millisinin sabiq qapıçısı, hazırda Ukraynanın birinci liqasında mübarizə aparan "Aqrobiznes"in qolkiperi Andrey Popoviç Sportal.az saytına açıqlama verib.
Əvvəllər yığma komandamızın qapısını qorumuş Popoviç yenidən əsas millimizdə oynamaq niyyətindədir. Birinci liqanın iddialılarından olan "Aqrobiznes"in 32 yaşlı kapitanı A millimizə qayıtmaq şanslarını bu cür dəyərləndirib:
"Ukraynada işlərim pis getmir. Premyer Liqaya yüksəlmək haqda mübarizə aparırıq. Azərbaycan millisinə cəlb olunmaq şansımı necə dəyərləndirim? Doğrudur, mümkünsüz heç nə yoxdur. Amma çətin ki, birinci liqadan məni milliyə dəvət etsinlər. “Minay”ın heyətində Premyer Liqada oynadığım vaxtda heç mənə dəvət göndərmədilər. Səbəbini isə özüm də bilmirəm.Hər halda, hər şeyi zaman göstərər.
Azərbaycana qayıtmağa isə müsbət yanaşıram. Sadəcə mənim hazırkı komandamla müqaviləm var. Digər tərəfdən isə təklfiim yoxdur. Görək də, gələcək nəyi göstərəcək”.
Karyerası ərzində “Bakı”, “Abşeron”, “Sumqayıt”, “Turan”, “Tavşanlı Linyitspor”, “Qəbələ”, “Polyana”, “LNZ Çerkassı” klublarının qapısını qorumuş Popoviç Azərbaycanın U-17, U-19, U-21 və əsas yığmasının üzvü olub.