"Qarabağ" Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Komandan faydalı matç oldu. Bir neçə mövqe səhvlərinə yol verdik. "Qəbələ"yə uğurlar arzulayıram.
- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Sumqayıtda oynamaq həmişə xoş olub. "Sumqayıt" çox yaxşı oyun göstərir. Maraqlı oyun olacaq. Yeni stadionda heç olmamışıq. İnanıram ki, azarkeşlər üçün yaxşı oyun olacaq.
- "Beşiktaş" rəsmisi açıqlayıb ki, baş məşqçi postuna namizədlər arasında sizin də adınız var. Sizə müraciət olunub?
- Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir.
- Heyəti qurmağa daha çox vaxt sərf edirsiz, yoxsa yeni oyunçular axtarmağa?
- Vaxt eyni olaraq qalır. İş saatım eynidir. Amma bəzi detallar var ki, onlara daha çox vaxt ayırınıq. Çalışırıq ki, rotasiyalar edək, hər futbolçunun oyun təcrübəsi olsun. Hər il olan iş prinsipləridir.
- Rəşad Sadıqov bildirdi ki, gələcəkdə "Qarabağ"ın baş məşqçisi olmaq istəyir. Buna münasibətiniz necədir?
- Çox yaxşı, çox xoş. Hər kəsə uğurlar arzulayıram.
Elçin Əlixan
saytlarin hazirlanmasi