"Qarabağ"ın veteran forvardı Rauf Əliyev Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" ölkə kubokunun final matçında "Zirə"yə qalib gəldi. Matçı necə şərh edərdin?
- Oyun maraqlı alındı. Belə olacağını da gözləyirdim. Azarkeşlər yaxşı final matçı izlədilər. Son ana qədər gərginlik, dinamika var idi.
- Necə düşünürsən, bu matçda həlledici məqam, həlledici detal hansı oldu ki, "Qarabağ" rəqibini məğlub etdi?
- Detal deyəndə ki, həlledici məqam qoldur. Futbolda ən vacib məsələdir. "Qarabağ"ın vurduğu ikinci qol komandanın kubok qazanmasına bəs etdi.
- Demək olar ki, "Qarabağ" - "Zirə" oyununda daha çox futbolçuların keyfiyyət məsələsi önə çıxdı? İstək sarıdan sanki, "Zirə" daha üstün idi...
- Bəli, "Zirə" çox istəkli görünürdü. Amma futbolda istək nə qədər çox olsa da, oyunun taleyini həll etmir. Futbolçuların keyfiyyəti daha vacib amillərdəndir. Məlum məsələdir ,"Qarabağ"ın futbolçuları da "Zirə"dəki futbolçulardan daha keyfiyyətlidir. Ustalıq baxımından çox seçilirlər. "Qarabağ"ın qələbəsində bu çox vacib rol oynadı.
- İki il əvvəlki "Qarabağ" - "Zirə" finalı maraqlı idi, yoxsa dünənki final?
- Düzü, elə həmin final da maraqlı idi, bu dəfəki də. İki il əvvəl də "Qarabağ" son dəqiqələrdə qol vurub, oyunu əlavə vaxta aparmışdı. Onlar daha çox hücumda idi. "Zirə" məlum məsələdir ki, müdafiə olunurdu. Bu dəfəki final iki ilkindən bir az öndə oldu.
- Qurban Qurbanov matçdan sonra keçirilmiş mətbuat konfransında bildirdi ki, "Zirə"nin büdcəsini nəzərə alsaq, göstərdiyi nəticə və performansla bizə qalib gəldilər. Bu fikirlərlə razısız?
- Yəqin ki, Qurban müəllim "Zirə"nin əzmkarlığını qabardıb. Çünki onlar çox yaxşı mübarizə aparırdı, istəkli idilər. Ola bilər ki, "Qarabağ"dan büdcələri fərqli olsun. Həqiqətən də mübarizəyə görə "Zirə"yə alqış düşür.
- Necə düşünürsən, yeni mövsümdən "Qarabağ"a əsas rəqib, başabaş mübarizə aparacaq komanda qismində "Zirə"ni görmək olar?
- Ola bilər. "Zirə" Avropa Liqasına da vəsiqə qazandığı üçün məncə, heyətini daha da gücləndirəcək. Niyə də çempionluq mübarizəsində olmasın? "Zirə" mübarizədə yer ala bilər. Bu dəfə çempionatda ikinci pilləni tutubsa, yeni sezondan çempionluq mübarizəsində olmaları da realdır.
- Matçdan öncə Maksim Medvedev "Qarabağ"da karyerasını başa vurdu. Sən də onunla birlikdə "Qarabağ"da karyerana başlamışdın. Maksim haqda, onun karyerasını başa vurması barədə fikrin necədir? Onunla birlikdə "Qarabağ"ın əsas komandasına cəlb olunduğunuz vaxtları necə xatırlayırsan?
- Futbolçu karyerasın son nöqtə olur, Maksimdə də bu baş verdi. Yəqin ki, məşqçi kimi davam edəcək. Ona gələcək karyerasında uğurlar arzulayıram. Maksimlə 9 yaşından bir yerdə olmuşuq. Birlikdə də "Qarabağ"ın ikinci komandasına cəlb olunmuşduq. Millidə də komanda yoldaşı olduq, uzun illər birlikdə oynadıq. Maksimin karyerası uğurlu alındı, "Qarabağ"da başladı, orada da bitirdi. Milli səviyyəsində də yaxşı oyunları var idi. Bir futbolçuya nə lazım idisə, Maksim onu etməyi bacardı. Futbolçu karyerası kimi, məşqçi karyerası da uğurlu olar.
Mirbağırağa
saytlarin hazirlanmasi