Musa Qurbanlı Qurban Qurbanovun gözünün ağı-qarası, bircə oğlu olsa da, Qurbanov çoxlarına atalıq eləyib. Bəzən ağlımız kəsməyən oyunçuları belə futbolçu eləyib ortalığa çıxarıb.
Aleksey Kaşuk da "Qarabağ"a bu ümidlə gəlib. Futbolçu kimi yeni səviyyəyə qalxmaq istəyir. Bunun üçün Qurban Qurbanovun yanına pənah gətirib. Çünki özü də başa düşür ki, bizim Premyer Liqa səviyyəsində yaxşı futbolçudur, amma Avropanın aparıcı liqalarında oynamaq üçün hələ ki yox!
Onu nə "Şaxtyor"da saxlayan oldu, nə də Avropanın aparıcı liqalarında istəyən. Potensialı var, gələcəkdə daha böyük yerlərdə ola bilər. Amma hal-hazırda oralardakı səviyyə ilə ayaqlaşması inandırıcı deyil.
"Qarabağ"a gəlincə, Qurban Qurbanova çoxdandır ki, belə futbolçu lazım idi - hücumun sağ cinahında sol ayaqlı oyunçu. Kaşuk həm özü inkişaf etmək, həm də "Qarabağ"a fayda vermək baxımından yaxşı transferdir.
"Qarabağ"da artıra bilməyən futbolçular da olub, indi də var. Amma Qurban Qurbanovun yanında kim artırmırsa, problemi özündə axtarmalıdır. Deməli, nəyisə düz etmir, haradasa tələblərlə ayaqlaşa bilmir. Kaşuk da eynən. Yeni səviyyəyə qalxmaq üçün Qurban Qurbanovdan bərk yapışmalıdır. Burada da olmasa, çətin ki haradasa bunu bacarsın.
Həmid
saytlarin hazirlanmasi