"Mateuş Koxalski çox səviyyəli qapıçıdır. Polşa liqasında oynayanda da ən yaxşılardan idi. Yəqin ki, bilirsiz liqanın ən yaxşısı da seçilmişdi. Düzünü deyim, vaxtı ilə "Qarabağ"ı seçməsi, mənim üçün sürpriz olmuşdu. Amma "Qarabağ" da böyük və maliyyə imkanları yüksək olan klubdur. Bu komanda hər mövsüm avrokuboklarda qruplarda çıxış edir. Mateuş Avropanın ən güclü liqalarında oynayacaq potensiala sahibdir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Pavel Kapsa deyib.
Vaxtı ilə Polşanın U-21 yığmasının, "Simurq" və "Xəzər Lənkəran"ın qapısını qorumuş polşalı "Qarabağ"ın qolkiperi barədə danışıb.
"Visla"(Plok), "Vidzev Lodz", "Lexiya"(Qdansk) kimi komandalarda da oynamış Kapsa həmyerlisi haqda fikirlərini bildirib:
"Bilirəm ki, "Qarabağ" növbəti oyununu "Tottenhem"ə qarşı keçirəcək. Koxalski həmin matçda özünü ən yaxşı şəkildə göstərə biləcək. Onlara uğurlar arzu edirəm".
Qeyd edək ki, Koxalski bu yay "Qarabağ"a keçib. 24 yaşlı qapıçının Ağdam klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi