"Mançester Yunayted"in əfsanəvi futbolçularından olan Ueyn Runi futbolçu karyerasından söz açıb.
Sportal.az xəbər verir ki, 2010-cu ildə "Real"a keçmək şansının olduğunu dilə gətirən Runi könlündə "Barselona"nın yatdığını da gizlətməyib:
"2010-cu ildə "Mançester Yunayted"ə yeni müqavilə imzalamaq istəmədiyimi və transfer sorğusu verdiyimi bildirdikdə, 3 klub mənə maraq göstərdi. Çox vaxt "Mançester Siti"nin də variantlar arasında olduğu deyilir, amma əslində bu heç vaxt müzakirə mövzusu olmayıb. Gerçək təkliflər "Çelsi", "Real" və "Barselona"dan gəldi.
O dövrdə İspaniyaya köçməyə tam hazır idim, həqiqətən də danışıqlar aparılırdı. Bir neçə gün ərzində "Real"la müqavilə ən real variant kimi görünürdü, amma ən çox "Barselona" haqqında düşünürdüm. Özümü Lionel Messi, Andres İnyesta, Xavi və Serxio Busketslə birlikdə o komandada təsəvvür edirdim.
Sonda "Mançester Yunayted"də qalmağa qərar verdim, amma o dövrün "Barselona"sı inanılmaz bir komanda idi və hər futbolçu orada oynamağı arzulayırdı."
saytlarin hazirlanmasi