Millimizin sabiq üzvü: "Futbolun inkişafından danışırıqsa, bunu etməliyik" - MÜSAHİBƏ

14:35 - 20 Noyabr 2025

Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milllisi DÇ-2026-nın seçmə mərhələsinin son görüşündə Fransaya uduzdu. Milli hesabı 4-cü dəqiqədə açsa da, sonradan 3 qola mane ola bilməmişdi. Fransa ilə görüş haqda ümidli idin, yoxsa belə hesabı gözləyirdin?

Hamı bilirdik ki, Fransaya qarşı matç milli üçün çətin olacaq. Qələbə qazanmaq şansları çox az idi. Millimiz matça yaxşı başladı, hesabı da açdı. Ondan sonra da 15-20 dəqiqə yaxşı mübarizə aparırdılar. Sonradan elə bil ki, komandanın gücü bitdi. Deməzdim ki, bu sırf fiziki göstərici ilə bağlıdır. Əlbəttə ki, səviyyə fərqi də öz sözünü dedi. Futbolçuların səviyyə fərqini nəzərə almaq lazımdır. Fransa millisində dünya şöhrətli oyuçulardır. Avropanın aparıcı klublarında oynayırdılar. Hamı təxmin edirdi ki, millimiz bu görüşdə xal və ya xallar qazanmaq şansı demək olar ki, yoxdur. Matça yaxşı başlasaq da, gücümüz yarım saat mübarizə aparmağa çatdı. Ondan sonra Fransa millisi necə ürəkləri istəyirdisə, oynayırdılar. İkinci hissə ümumiyyətlə, millimiz heç nə edə bilmədi. 

- Əsas məsələ səviyyə fərqi idi?

Fiziki cəhətdən də bizdən üstün idilər. Futbolçu səviyyəsi də öz sözünü dedi. Ümumi götürsək, Fransa millisi ən güclü komandalardan biridir. Ona görə də, nəticənin belə olması gözlənilən idi.

- Fernandu Santuşa və Ayxan Abbasovun dövrünü necə müqayisə edərdin?

Ayxan Abbasovun dövründə millimiz başqa cür görünür. Futbolçular meydanda can qoyurlar, uduzmaq istəmirlər. Fernandu Santuşun vaxtında isə həqiqətən milli ruh yox idi, mübarizə görünmürdü. Amma Ayxan Abbasovun gəlişindən sonra ən azından meydanda milli ruh var, futbolçular uduzmaq istəmirlər, mübarizə aparırlar. Məğlub olmağa gəlincə, hardasa ustalıq səviyyəsi çatmır, hardasa rəqib fiziki cəhətdən bizdən üstün olurlar. Amma Ayxan Abbasovun gəlişindən sonra millidə Fernandu Santuşun dövrü ilə müqayisədə irəliləyiş var.

- Necə düşünürsən, Ayxan Abbasov postunda qalmalıdır və Millətlər Liqasına onunla başlamalıyıq?

Həmişə millini yerli məşqçinin çalışdırmasının tərəfdarı olmuşam. Xarici məşqçinin verdiyi nəticəni yerli məşqçi ilə də vermək olar. Düşünürəm ki, Ayxan Abbasov millidə qalmalıdır, işinə davam etməlidir. Qərarı AFFA verəcək. Ayxan müəllim olmasa belə, millinin sükanı arxasında yerli məşqçi olmalıdır.

- Son olaraq, milli komanda səncə Millətlər Liqasında Andorra, Malta, Litva, Cəbəllütariq, Lixtenşyteyn, Latviya kimi rəqiblərlə mübarizədə uğur qazanaraq, C divizionuna yüksələ biləcək?

- Bəli, D divizionundayıq. Bundan o tərəfi yoxdur. Biz hansısa futbolun inkişafından danışırıqsa, D divizionunda qalib gələrək, rahatlıqla C divizionuna çıxmalıyıq. Lixtenşteyn, Latviya kimi komandalarla böyük problem yaşamamalıyıq. İnanıram ki, D divizionun qalibi olaraq, C divizionuna qalxa bilərik. Bunun üçün hər cür imkanımız var. Bunu etmək çətin iş deyil. Futbolun inkişafından danışırıqsa, bunu etməliyik.

Mirbağırağa

Xəbər xətti