"Pley-off mərhələsinə çıxmaq istəyirlərsə, 3 oyundan 4 xal toplamaq lazımdır" - "Qarabağ"ın sabiq kapitanı

13:34 - 28 Noyabr 2025

"Qarabağ"ın sabiq kapitanı Azər Məmmədov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"ın Napoli ilə matçdan xalla ayrılacağına ümidin var idi? Səncə, Qarabağ niyə Neapolda xalsız qaldı?

"Qarabağ" Çempionlar Liqasında elə oyunlar oynayıb ki, insanlarda istər-istəməz ümid yaradır. Hər komandadan xal götürəcək ümidini verib komandamız. Təbii ki, "Napoli" ilə görüşdə də "Qarabağ"ın xal götürə biləcəyinə ümidim var idi. Oyunun 1-ci hissəsi göstərdi ki, səfərdə xal qazanmaq olar. İtaliyada xalsız qalmağımızın əsas səbəbləri var. Unutmamalıyıq ki, "Napoli" İtaliya çempionudur və baş məşqçisi Antonio Kontedir. Bu amillərin təsiri var idi. "Qarabağ" çox yaxşı oynadı, amma "Napoli" daha istəkli idi. Oyunun gedişində "Napoli"nin sistemində olan dəyişiklik təsirini göstərdi.

- Kevin Medinanın meydanı tərk etməsindən sonra sanki müdafiədə inamsızlıq və boşluqlar çoxaldı, "Napoli" daha çox buradan təzyiq etməyə başladı. Medinanın meydanı tərk etməsinin nə dərəcədə təsiri oldu oyuna?

Futbolda mərkəz müdafiəçilərinin əvəzlənməsi nadir hallarda olur. "Napoli" ilə oyundakı kimi məcburi dəyişiklik olmasa, çox məşqçi heç vaxt o cür əvəzlənməyə getmir. Çünki stoper dəyişikliyi birbaşa komandanın oyununa çox təsir edir. Ələlxüsus da, "Napoli" kimi komandaya qarşı o cür gərgin oyunun gedişatındakı məcburi dəyişiklik. Əlbəttə ki, təsirsiz ötüşmür. Kevin Medina "Qarabağ" üçün müdafiə planında yer almış böyük futbolçudur. Onun meydandan çıxması təsirsiz ötüşmədi. Amma o demək deyil ki, Medinanı əvəzləyən Sami Mmae zəif oynadı, xeyr. Sadəcə Kevinin meydanda olması komanda yoldaşları, bizlər üçün də düşüncə yaradıb ki, onun meydanda yer alması "Qarabağ" üçün böyük amildir.

- "Qarabağ"ın pley-offa çıxmaq şansları hələ də qalır. Növbəti görüş "Ayaks"a qarşıdı. Onları Bakıda məğlub etmək mümkün olacaq?

Bəli, "Qarabağ"ın pley-off mərhələsinə düşmək üçün şansı var. Növbəti oyun da "Ayaks"a qarşıdır. Onlar xalsızdır. Düşünmürəm ki, asan oyun olacaq. Çünki ÇL-də asan oyun olmur. Xalsız qalsalar belə, "Ayaks" istəyəcək ki, ən azından xal hesabını artırsın. Etiraf edək ki, ÇL-i xalsız bitirmək də, özləri üçün yaxşı deyil. "Qarabağ" üçün ən çətin və ən önəmli oyunlardan biri olacaq. "Qarabağ"a qələbə lazımdır ki, pley-off şansını artırsın. Çox çətin və çox ağır matç olacaq. Yəqin ki, komandamız qalib gələr.

- Kadi Borgesin yoxluğu "Qarabağ"a oyun planında nə dərəcədə mənfi təsir etdi? Çünki "Qarabağ"ın oyun sistemində önəmli yerlərdən birini tutur Kadi...

Kadi "Qarabağ"ın orta sahəsində böyük fiqurdur. Amma "Napoli" ilə oyun göstərdi ki, Kadini də əvəzləyən futbolçu pis çıxış etmir. Kadinin özü olsaydı, daha yaxşı idi. Futboldur da, zədələr, cəzalar qaçılmazdır. Ümidvaram ki, onu əvəzləyən futbolçu Kadinin yoxluğunu hiss etdirməz.

- Ümumiyyətlə, "Qarabağ"ın "Ayaks", "Ayntraxt", "Liverpul"lə matçlarda ümumilikdə neçə xal götürməyi realdır?

Çempionlar Liqasında asan oyun bir şey yoxdur. Etiraf edək ki, "Qarabağ"ın rəqibləri düşünürdü ki, onlar üçün ən zəif komanda "Qarabağ"dır. Rəqiblərin hamısı ən güclü komandalardır. Son üç oyun qalıb. Mənə görə, bu üç oyunun ən ağırı "Ayaks"a qarşı matç olacaq. Amma "Qarabağ" pley-off mərhələsinə çıxmaq istəyirsə, 3 oyundan 4 xal yığmaq lazımdır. "Qarabağ" pley-off mərhələsinə çıxsa da, çıxmasa da onlar bizi ÇL-də çox yaxşı şəkildə təmsil edir. Avropa və dünyada futbolumuzun başını ucaldırlar. "Qarabağ"a uğurlar arzulayıram. Güman edirəm ki, bizi sevindirərlər.

Mirbağırağa
 

Xəbər xətti